www.science.az
13.03.2017 15:22

Akademik Teymur Kərimli Litvada bir sıra işgüzar görüşlər keçirib

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli 9-12 mart 2017-ci il tarixlərində Litvada işgüzar səfərdə olub.

Akademik T.Kərimli martın 9-da Litva Elmlər Akademiyasının (LEA) prezidenti Valdemaras Razumasla görüşüb. Görüşdə AMEA-nın fəaliyyət istiqamətləri, strukturu, elmi nailiyyətləri, həmçinin burada aparılan islahatlar barədə məlumat verən Teymur Kərimli qeyd edib ki, ölkəmizdə elm sahəsinə xüsusi diqqət yetirilir. O, ötən ilin sonunda ölkə Prezidenti tərəfindən AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam imzalandığını bildirib.

Professor V.Razumas isə LEA-nın yaranma tarixi, elm sahəsində ölkə daxilində, eləcə də beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə məlumat verib. O, gələn ildən Litvada ali məktəblərin sayının azaldılmasının gözlənildiyini deyib.

Görüşdə Litva və Azərbaycan arasında elmi əməkdaşlığın imkanları müzakirə edilib və tərəflər əməkdaşlıq haqqında sazişin imzalanmasında maraqlı olduqlarını bildiriblər.

Akademik Teymur Kərimli Litva Ədəbiyyatı və Folkloru İnstitutu direktorunun elmi məsələlər üzrə müavini Auşra Martişiute-Linartiene ilə də görüşüb. Görüşdə hər iki ölkənin müasir yazarlarının əsərlərinin tərcümə və nəşr edilməsi məsələləri müzakirə olunub.

Martın 10-da Vilnüs Universitetinin rektoru Arturas Jukauskas ilə görüşən akademik 2015-ci ildən etibarən AMEA-da magistratura təhsilinin başlandığını və hazırda bakalavr təhsilinin verilməsi istiqamətində işlərin aparıldığını bildirib.

Litva səfəri çərçivəsində Trakay şəhərindəki Karaylar Muzeyinə baş çəkən T.Kərimli bu quruma Azərbaycan xalçası və AMEA tərəfindən ingilis dilində nəşr olunmuş “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabını hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.