www.science.az
15.03.2017 10:03

Azərbaycan dilinə tərcümə olunmuş "Səfərnamə" əsərinin təqdimatı keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu qurumun Elmi Şurasının qərarı ilə çap olunmuş Fərhad Mirzə Qacarın "Səfərnamə" əsərinin təqdimatı olub.

İnstitutun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadənin farscadan Azərbaycan dilinə tərcümə etdiyi kitabda Qacar sülaləsinin nümayəndəsi Abbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Qacarın 1875-1876-cı illərdə Məkkəyə səfəri və Kəbə ziyarətindən bəhs olunur.

Təqdimat mərasimində çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva Kəngərli əsərin XIX əsr Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıdığını bildirib. Nəşrin dövrün ictimai-siyasi vəziyyətini özündə əks etdirdiyini deyən A.Əliyeva Kəngərli "Səfərnamə"nin çapını "İslam Həmrəyliyi İli"nə töhfə kimi dəyərləndirib.

Tədbirdə institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.e.d., professor Fərid Ələkbərli və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.e.d., dosent Əli Əliyev kitabın Osmanlı İmperiyası ilə Rusiya arasında gedən müharibə ərəfəsində qələmə alınmasının hər iki dövlətin o zamankı sosial-iqtisadi, hərbi-siyasi vəziyyətinin araşdırılmasında, həmçinin Qacarlar sülaləsinin həmin dövrdə tarixi yerinin müəyyənləşməsində mühüm mənbə olduğunu qeyd ediblər.  

Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d., professor Azadə Musayeva, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.e.d. Əzizağa Nəcəfov və digərləri əsərin farscadan dilimizə tərcümə edilməsinin Azərbaycan tarixşünaslığı üçün böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Sonda əsərin tərcüməçisi və tərtibçisi T.Həsənzadə kitab üzərindəki iş prosesindən və əsərin tarix elmimiz üçün faydasından danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.