Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Şakir Musayevin 60 yaşı tamam olur
15.03.2017 10:10
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şakir Musayevin 60 yaşı tamam olur

Bu gün ölkəmizdə məhkəmə təbabəti, antropologiya və hüquq sahələri üzrə tanınmış alim, AMEA-nın müxbir üzvü Şakir Məzlum oğlu Musayevin 60 yaşı tamam olur.

Şakir Musayev 15 mart 1957-ci ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1980-cı ildə müalicə-profilaktika fakültəsini bitirərək həkim, 1997-ci ildə isə M.Rəsulzadə adına BDU-nin hüquq fakültəsini bitirərək hüquqşünas ixtisaslarına yiyələnmişdir.

O, 1991-ci ildə tibb üzrə fəlsəfə doktoru və 1997-ci ildə tibb üzrə elmlər doktoru elmi dərəcəsini, 1999-cu ildə isə professor elmi adını almışdır. 1994-cü ildən Ə.Əliyev adına ADHTİ-nin “Məhkəmə tibbi ekspertiza və Patoloji anatomiya” kafedrasının müdiri, Azərbaycan Məhkəmə tibbi ekspertləri və patoloq anatomlar elmi cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin Baş Məhkəmə tibbi ekspertidir.

Ş.Musayev məhkəmə təbabəti üzrə beynəlxalq aləmdə nüfuzlu və tanınmış alimdir. Onun elmi fəaliyyəti əsasən məhkəmə-tibbi antropologiyanın aktual prob­lem­lərinə,  şəxsiyyətin identifikasiyası, etnik və kriminalistik kraniologiya, kütləvi insan tələfatı ilə müşayiət olunan hadisələr zamanı məhkəmə-tibbi xidmətin təşkilinin elmi əsaslarının işlənib hazırlanmasına həsr olunmuşdur. Onun tərəfindən aparılan elmi tədqiqatlar çoxsaylı təcrübi metodikalar, müayinə üsulları və səmərələşdirici təkliflərdə öz əksini tapıb, hazırda da ölkəmizdə və xaricdə məhkəmə-tibbi xidmətinin gündəlik təcrübəsində tətbiq olunur. Uzun illər üzərində işlədiyi şəxsiyyətin identifikasiyası probleminin müasir metodoloji həlli mövzusu Rusiya Federasiyasının “Şəxsiyyətin identifikasiyasına dair dövlət proqramı”nda öz əksini tapmışdır.

Alim 2 elmlər və 6 fəlsəfə doktoru hazırlamışdır. O, 458 elmi əsərin, o cümlədən 8 dərslik (1-i rus dilində xaricdə çap olunub), 36 mo­noq­rafiya (2-si ingilis dilində xaricdə çap olunub), 50-dən artıq metodik tövsiyə, çoxsaylı məqalə (207-si xaricdə çap olunub), tezis, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. Onun "Medico-criminalistic İdentification populations of Caucasus on skull" (ingilis-rus dillərində) kitabı 2000-ci ildə Helsinkidə 13-cü Ümumdünya Məhkəmə Elmləri Assosiasiyasının qərarı ilə Beynəlxalq Hüquq Kitabxanasına daxil edilmiş, digəri "Судебная медицина" dərsliyi isə Rusiya ali tibb müəssisələrinin hüquq və tibb fakül­tələrində dərslik kimi istifadə olunur.

Ş.Musayev ölkəmizdə aparılan hüquq islahatlarında da yaxından iştirak edir. O, Azərbaycan Respublikası hüquqi dövlət quruculuğuna dair dövlət proqramının həyata keçirilməsi çərçivəsində məhkəmə-tibbi xidmətin təşkili və müvafiq aidiyyəti olan məsələlər ilə bağlı 23 adda mühüm normativ-hüquqi sənədlərin hazır­lanmasında müəlliflik etmişdir.

Müstəqilliyimizə qarşı yönəldilmiş hərbi təcavüzlər, terror, soyqırım və xüsusilə ağır cinayətlərdə Ş.Musayev öz elmi tədqiqatları və peşəkar fəaliyyətləri ilə beynəlxalq aləmdə bu hadisələrin tanınmasında mühüm roı oynamışdır. O, bir çox ekspert qrupunun, o cümlədən beynəlxalq ekspert ko­mis­siyasının tərkibinə daxil olmuş, həm rəhbər, həm də aparıcı  mütəxəssis qismində ekspertizalarda iştirak et­miş­dir. Azərbaycanlıların 1918-ci il soyqırımı (Quba və Neftçala hadisələri), 1990-cı ilin qanlı yanvar hadisələri, Xocalı soyqırımı, Bakı metropoliteni və ADNA-dakı terror aktları, eləcə də texnogen fəlakətlər zamanı dünyasını dəyişənlərin ekspertizalarını təşkil etmiş və həyata keçirilməsinə rəhbərlik etmişdir.

Milli qəhrəman Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun cəsədinin, həmçinin tarixi həqiqətlərin bərpası məqsədilə 26 Bakı komissarlarının qəbrlərinin yerinin də­yiş­di­rilməsi zamanı identifikasiya proseslərində müstəsna rol oynamışdır.

Ş.Musayevin tanınmış dəniz səyyahı Vitus Berinqin sümük qalıqlarının (1994), sonuncu Rusiya im­pe­ratoru II Nikolay və onun ailə üzvlərinin cənazələrinin (1998), repressiya olunmuş sabiq kaspiətrafı Yepiskop Mitrofanın mübahisəli və ziddiyyət doğuran eks­per­ti­za­la­rının nəticələrinin mötəbərliyi və etibarlıq dərəcəsinin yüksək olması beynəlxalq ekspertlər tərəfindən yüksək rəğbət qazanmışdır. Ş.Musayev məşhur tarix­şünas Tur Heyerdalın müraciəti əsasında 1-ci əsrdə Azərbaycandan Skandinaviya ərazisinə gedən po­pul­ya­si­ya­larla hazırki Norveç əhalisinin qohumluq əlaqəsinin birgə etnogenezinin öyrənilməsinə dair tədqiqatlar apa­r­mış­dır.

30 ilə yaxındır ki, alim pedaqoji fəaliyyətlə də məşğuldur. Bu müddət ərzində hüquq fakültəsinin tələbələrinin, Polis Akademiyasının və Ədliyyə Nazirliyi Aka­­demiyasının kursantlarının tədrisi, həkimlərin, re­zi­dent­lərin, DTX, DİN və Prokururluq əməkdaşlarının, vəkillərin və s. diplomdan sonrakı hazırlığı ilə məşğuldur.

Ş.Musayev Beynəlxalq Məhkəmə Elmləri Assosiasiyası (İAFS, 1999-cu ildən), Ümumdünya Məhkəmə Təbabəti Akademiyası (İALM), Avropa Məhkəmə Elmlərinin İnstitutlar şəbəkəsi (ENFSİ), Amerika Məhkəmə Elmləri Akademiyası (AAFS), Ümumdünya Məhkəmə Elmləri və Hüquq bilgiləri Assosiasiyasının Avropa bürosu, İslam Təşkilatı üzv dövlətlərinin məhkəmə ekspertlərinin Rəyasət Heyəti, Rusiya Məhkəmə-Tibb Ekspertləri Assosiasiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası, Ali Məhkəmə Elmi Məsləhət Şurası, həmçinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Humanitar Elmlər Akademiyasının və Avropa Təbabət Elmləri Akademiyasının həqiqi üzvüdür.

Alim elm, təhsil və texnikanın inkişafındakı nailiyyətlərinə və həmin nəticələrin səhiyyəmizə, hüquq-mühafizə sisteminə və ictimai həyatımıza tətbiqinə görə Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun Fəxri fərmanları ilə təltif olunmuşdur. Onun əməyi beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilmişdir. Müxtəlif  illərdə Ş.Musayev ABŞ ordusunun Kriminal Təhqiqatlar labaratoriyasının medalı, ABŞ Məhkəmə və Hüquq Bilimləri Akademiyasının Fəxri fərmanı, Avropa Təbabət Elmləri Akademiyasının “Böyük Qızıl Tac” medalı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Humanitar Elmlər Akademiyasının "Qızıl Ulduz" medalı, Avropa Elmlər Akademiyasının "Qızıl tac" medalı, Vilnus şəhərinin "Fəxri sakini" medalı kimi mükafatlara layiq görülmüşdür.

Tanınmış elm mücahidini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: