Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutu ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
18.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutu ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

AMEA Botanika İnstitutu ilə Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu (UNİCRİ) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd AMEA Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin əməkdaşlarının yeni layihəsi əsasında

“Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və genetik modifikasiya olunmuş (GMO) məhsulların molekulyar diaqnostikası” adlı layihə “Cənubi Qafqazda və Mərkəzi Asiyada biomüdafiə və biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində müsabiqənin qalibi olmuşdur. Layihənin rəhbəri institutun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin müdiri, akademik Cəlal Əliyevdir.

Layihənin məqsədi Azərbaycana idxal olunan müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin materiallarında və toxumlarında əsasən fitoplazma və virus xəstəliklərinin, həmçinin GMO mənşəli bitki məhsullarının molekulyar diaqnostikasıdır. Aparılan tədqiqatlar xəstəliklərin yayılmasının qarşısının alınmasına və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən əhalinin sağlam qida ilə təmin olunmasına xidmət edəcək.

Qeyd edək ki, son illər Azərbaycanda vegetativ yolla çoxalan ərzaq, yem, texniki və dekorativ bitki kulturaları, xüsusən kənd təsərrüfatı bitkiləri xroniki olaraq fitopatogenlərlə yoluxur. Bu da nəticədə böyük miqdarda məhsul itkisinə səbəb olur. Kənd təsərrüfatı sisteminin qloballaşması və əkin materiallarının beynəlxalq mübadiləsi xəstəliklərin yeni regionlara introduksiyasına şərait yaratmışdır.

Bundan əlavə, GMO tərkibli qida məhsullarının insan orqanizminə mənfi təsiri haqqında ziddiyyətli məlumatlar da mövcuddur. Bunun qarşısını almaq üçün sağlam bitkilərin seçilməsi, onlara nəzarət, əkin materialının sertifikatlaşdırılması, infeksiyaları aşkar etmək məqsədi daşıyan dövrü monitorinqlərin aparılması mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində Almaniya və Fransanın bitki xəstəlikləri üzrə nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışan alimlərin iştirakı ilə Azərbaycanda praktiki seminarların keçirilməsi, həmçinin bitki xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası və identifikasiyasında istifadə olunan yeni ekspress metodların öyrənilməsi məqəsdilə Botanika İnstitutunun 2 əməkdaşının İNRA – Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutuna (Bordo, Fransa) və İSTA – Toxumların Beynəlxalq Testləşdirilməsi Assosasiyasına (İsveçrə) elmi ezamiyyəti nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: