Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
29.03.2017 12:22
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən dissertasiya şuraları, elmi seminar və fənn komissiyaları barədə ətraflı məlumat verib.

Sonra bölmənin Batabat Astrofizika Rəsadxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Ay Günəş sistemində ən böyük peykdir” mözusunda elmi məruzəsi dinlənilib. Məruzədə Ayın və Günəşin görünən hərəkətləri, Ayın kraterlərinin əmələ gəlməsi prosesi, okean sularında yaratdığı qabarmalar, həmçinin Yer iqlimini stabilləşdirməsindən bəhs olunub.

Daha sonra bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov 2017-ci ildə Naxçıvan Bölməsində rüblük hesabatların hazırlanması ilə bağlı məlumatı diqqətə çatdırıb.

İclasda Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbovun və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun Naxçıvan Bölməsində aparılan elmi-tədqiqat işlərinin istehsalatda tətbiqi işinin artırılması ilə bağlı çıxışları dinlənilib.

Akademik İsmayıl Hacıyev cari ildə tədqiqatların elmi səmərəliliyini daha da yüksəltmək üçün institut direktorlarına müvafiq tapşırıqlar verib.

Tədbirdə bölmənin Bioresurslar İnstitutunun Meyvə-tərəvəz və üzümçülük laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin vəziyyəti barədə laboratoriya rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev çıxış edib. 

Müzakirəyə çıxarılan növbəti məsələ bölmənin Mərkəzi Aparatı və elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qrupların tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı olub.

İclasda “Wikipediya” virtual ensiklopediyasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Naxçıvanın tarixi abidələri, ədəbiyyatı, mədəniyyəti, folkloru, tarixi, iqtisadiyyatı və s. elm sahələrində yerləşdirilən məlumatların düzgünlüyünə əmin olmaq, məlumatları zənginləşdirmək, yanlış yerləşdirilən məlumatların düzgün formasını əsaslandırmaq zəruridir.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: