Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.04.2017 09:49
  • A-
  • A
  • A+

Aprel döyüşləri Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi

Aprel döyüşləri Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi

Aprelin 8-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkr İsmayılovun və cəsur kəşfiyyatçı, şəhid Tural Qurbanovun xatirəsinə həsr edilən tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Dağlıq Qarabağ müharibəsinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açıb. R.Hüseynov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bütün ölkədə olduğu kimi, Kürdəmirdə da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı da olub.

Bildirilib ki, kitabda işğalçı Ermənistan hərbi birləşmələrinin 2016-cı il aprelin 2-də dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, Mi-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbubəkr İsmayılovun qısa, eyni zamanda, şərəfli həyatından, insani keyfiyyətlərindən bəhs edilir.

“Hay ver mənə, cənab leytenant” kitabının rəyçisi, ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsibov, baş leytenant Bəhmən Heybətov və digər çıxış edənlər kitabın məziyyətlərindən danışıb, nəşrin məktəblərdə təbliğ olunmasının vacibliyini vurğulayıblar.

Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Sonda Ə.İsmayılovun anası Rəna İsmayılova, şəhid T.Qurbanovun atası Gürşad Qurbanov çıxış edərək övladları ilə fəxr etdiklərini söyləyiblər.

Tədbirdə şəhid Ə.İsmayılovun həyatından bəhs edən sərgi və slayd nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: