Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2017 12:14
  • A-
  • A
  • A+

Məktəblilər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyaları ilə tanış olublar

Məktəblilər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyaları ilə tanış olublar

Aprelin 13-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdləri üçün "Açıq qapı" günü keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev son illər Akademiyada təhsillə elmin inteqrasiyası istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib. Alim bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması olduğunu vurğulayıb. O, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra institutun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Şamo Tapdıqov "Cansız polimerlər canlı orqanizmlərdə" mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində polimerlərin insan həyatındakı önəminə toxunaraq, gündəlik həyatda istifadə etdiyimiz əşyaların tərkibinin bu materiallarla zəngin olduğunu bildirib.

Ş.Tapdıqov son illərdə müxtəlif dərman preparatlarının polimerlərlə kompleks şəkildə hazırlandığını və insan orqanizminin xəstəlik olan hissəsinə yeridildiyini söyləyib.

Dünyada son dövrlərdə ağ ciyər xərçənginin artdığını deyən alim institutda bu xəstəliyin insan orqanizminə təsirini azaldan və müalicə effekti verməyə xidmət edən polimer tərkibli daşıyıcının hazırlanacağını bildirib.

Mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirilib və qaliblər tərifnamə ilə təltif olunublar.

Sonda şagirdlər institutun laboratoriyaları ilə tanış olublar. Onlara "Analitik kimya" laboratoriyasında bir sıra maraqlı təcrübələr əyani nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: