Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2017 17:12
  • A-
  • A
  • A+

Qafqazşünasların Birinci Beynəlxalq Forumu başa çatıb

Qafqazşünasların Birinci Beynəlxalq Forumu başa çatıb

Aprelin 18-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti və bu qurumun Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunun bağlanış mərasimi olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Forumun keçirilməsində əsas məqsədin dünyanın müxtəlif ölkələrindən olan qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, onların ikitərəfli əməkdaşlığının əsasını qoymaq və perspektiv məsələlərə dair elmi müzakirələr aparmaq olduğunu bildirib. İ.Həbibbəyli tədbirdə iştirak edən bütün alimlərə Akademiya rəhbərliyi adından təşəkkür edib.

Sonra çıxış edən Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı Foruma hazırlıq çərçivəsində görülən işlər, məruzələrin seçilməsi prosedurundan danışıb. O, Forumda dinlənilən məruzələrin ayrıca kitabça şəklində dərc ediləcəyini bildirib.

Bağlanış mərasimində Türk Tarix Qurumunun sədri, professor Rafiq Turan, Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişov, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurov, Böyük Britaniya, Mərkəzi Asiya və Şərq Tədqiqatları Kral Cəmiyyətinin həqiqi üzvü Mixail Basxanov, ABŞ Koastal Karolina Universitetinin professori Kristofer Qann və digərləri çıxış edərək tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: