Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2017 11:27
  • A-
  • A
  • A+

Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir

Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir

AMEA Botanika İnstitutunda D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri üçün maarifləndirici seminar keçirilib. Seminar Bakı şəhəri 2016-2017–ci tədris ilinin aprel ayında Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə keçirilən tədbirlər planı çərçivəsində təşkil olunub.

İnstitutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Naibə Mehdiyeva şagirdlərə Azərbaycanın endem, nadir və itmə təhlükəsində olan bitkiləri və Azərbaycanın Qırmızı Kitabının I və II nəşrləri haqqında məlumat verib. Bildirib ki, 1989-cu ildə işıq üzü görən I nəşrdə 140 növ ancaq ali bitkilər daxil edilmiş, II nəşrdə isə daxil edilən 300 növdən 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə (6 yosun, 13 şibyə, 1 mamır), 14-ü göbələk növlərinə aiddir.

Seminarda laboratoriyanın elmi işçisi Nigar Mürsəl qızı Qırmızı Kitabdan istifadə qaydalarını və strukturunu izah edərək, kitaba daxil olmuş bitkilərin IUCN-ə (Təbiət Mühafizəsinin Beynəlxalq Birliyi) əsasən hansı kateqoriyaya, milli və regional statusa aid olması, yayılması, qısa təsviri, bioloji, ekoloji, fitosenoloji və faydalı xüsusiyyətləri, sayı, tendensiyası, məhdudlaşdırıcı amillər və mühafizə tədbirləri haqqında məlumat verib. Şagirdlərin araşdırdığı “Xarı bülbül”, “Xəzər zəfəranı”, “Hirkan ənciri”, Hirkan armudu” və s. bitkilər  haqqında müzakirə aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Doktorant Şəhla Mirzəyeva şagirdləri Herbari Fondu ilə tanış edib, fondun tarixi, burada saxlanılan dəyərli tip nümunələri, onların hazırlanması və saxlanılma şəraiti haqqında məlumat verib.

Doktorant Xanım Həsənova şagirdləri  Botanika muzeyində nümayiş olunan Hirkan meşələrinin on klassik relikt ağac növü haqqında məlumatı əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və Azərbaycanın landşaftı, florası, faunası haqqında məlumatları əks etdirən interaktiv xəritə ilə tanış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: