Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
04.05.2017 13:00
  • A-
  • A
  • A+

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Mayın 4-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda səkkizinci beynəlxalq elmi konfrans işə başlayıb.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan konfransın açılışında BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verib. Vurğulanıb ki, əvvəlki illərdən fərqli olaraq bu il ilk dəfə tələbə və şagirdlər də öz elmi tədqiqatları ilə konfransın işinə qatılıblar. Artıq ənənə halını alan konfrans ulu öndər Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, Ümummilli Lider tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edilib. Rektor dahi şəxsiyyətin qısa müddətdə müstəqil Azərbaycanı sabit, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini deyib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ulu Öndərin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək Azərbaycanın güclü iqtisadiyyata, çevik diplomatiyaya, qüdrətli orduya malik ölkə kimi dünyada tanınmasına nail olub. Bu gün Azərbaycan iqtisadi modeli dünyanın bir çox dövlətləri tərəfindən öyrənilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Azərbaycanın dünyada xeyirxah missiyalı bir dövlət kimi tanınmasında əvəzsiz xidmətləri var.

Ümummilli lider Heydər Əliyevin böyük şəxsiyyət olduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndərin xalqımızın taleyində və tarixindəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Ümummilli Liderin azərbaycançılıq ideologiyası təşkil edir. Azərbaycançılıq ideologiyası milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirir. Ölkəmizin milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Ulu Öndər tərəfindən müəyyənləşdirilib. Akademik İ.Həbibbəyli Azərbaycanda dövlətçilik duyğusunun gücləndirilməsində Heydər Əliyev milli strategiyasının əhəmiyyətini qeyd edib, azərbaycançılığın təkcə milli ideologiya kimi yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi Ümummilli Liderdən bizə örnək qaldığını bildirib.

Konfransın işinə uğurlar arzulayan Rusiya Federasiyasının B.Yeltsin adına Ural Federal Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri, professor Aleksandr Nesterov Bakıda artıq səkkizinci dəfə keçirilən tədbirin azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması və həlli istiqamətində əhəmiyyətindən, bölmə iclaslarında müzakirə olunacaq mövzuların aktuallığından danışıb. A.Nesterov vurğulayıb ki, konfrans təmsil etdiyi ali təhsil ocağı ilə BSU arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verir. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edən qonaq bildirilib ki, mərkəz Azərbaycan həqiqətlərinin təbliğini daim diqqətdə saxlayır.

Türkiyənin İstanbul Universitetinin dosenti Ramazan Topdemir, Nikolay Kopernik adına Torun Universitetinin professoru Andjey Raciminski, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Andrey Şabaqa və digər çıxış edənlər beynəlxalq səviyyəli konfransda iştiraklarından məmnunluqlarını bildirib, tədbirin Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafındakı rolundan danışıblar. Azərbaycanın yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təcrübəsinin öyrənilməsinin və yayılmasının son dərəcə vacibliyini vurğulayan natiqlər Bakı ilə tanışlıq zamanı bu təcrübənin uğurlu nəticələrinin şahidi olduqlarını deyiblər.

Konfrans işini “Heydər Əliyev və Azərbaycanda qadın hərəkatı”, “Heydər Əliyev irsi və Azərbaycan təhsili”, “Heydər Əliyev və İslam dünyası”, “Azərbaycan tarixi və mədəniyyəti, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” bölmələri üzrə davam etdirib. Son bölmədə şagird və tələbələrin məruzələri dinlənilib. Fərqlənən şagird məruzəçilər diplomlarla təltif olunublar.

"AzərTac"

  • Paylaş: