www.science.az
04.05.2017 16:41

“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun açılış mərasimi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun açılış mərasimi keçirilib.

Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək klubun yaradılmasında əsas məqsədin maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı gənclərə çatdırmaq olduğunu bildirib. Qeyd edib ki, müasir cəmiyyətdə muzeylərin sosial rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları dünyada mədəni proseslərin fəal iştirakçısına çevirir. Alim qarşılarında muzeylərin ixtisaslı kadrlarla təmin edilməsi, eləcə də ölkəmizdə muzey işinin dünya standartlarına uyğunlaşdırılması kimi mühüm vəzifələrin durduğunu söyləyib.

Sonra klubun ideya müəllifi və layihə rəhbəri, muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova çıxış edərək klubda keçiriləcək məşğələlər barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova və dosent Elfira Məlikova-Qurbanova çıxış edərək yeni açılan klubun önəmindən danışıblar.

Sonda klub üzvlərinə vəsiqələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.