Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2017 11:59
  • A-
  • A
  • A+

“Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi

“Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi

Mayın 6-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi.

2007-ci ildən müntəzəm olaraq keçirilən tədbirin təşkilatçıları AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev olimpiada iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və rəhbərlik etdiyi qurumun kollektivi adından salamladı. Alim bu gün dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinin prioritet istiqamətlərə çevrildiyini, informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də proqram mühəndislərinin hazırlanmasına tələbatın olduğunu bildirdi.

Azərbaycanda elm və təhsilin inkişafına ölkə rəhbərliyi, eləcə də AMEA tərəfindən daim xüsusi diqqət göstərildiyini söyləyən alim İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlara yol açdığını qeyd etdi. Bildirdi ki, AMEA-da magistratura təhsilinin təşkili, qurumun bir sıra elmi müəssisələri ilə ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılması, birgə kadr hazırlığına dair əməkdaşlıq, yüksəkixtisaslı kadr hazırlığı prosesinə beynəlxalq standartların tətbiqi, eləcə də bu kimi müsabiqələrin keçirilməsi elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir.

R.Əliquliyev ölkədə elmlə təhsilin inteqrasiyasını təmin etmək məqsədilə AMEA-da ilk dəfə olaraq 2015-ci ildə ali təhsilin magistratura pilləsinin təşkil edildiyini diqqətə çatdırdı. 2016-cı ildən İnformasiya Texnologiyaları İnstitutunda da bu təhsilin həyata keçirildiyini söyləyən alim 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına keçirilmiş müsahibədə ən çox müraciətin məhz bu institutda qeydə alındığını bildirdi.

Elm və təhsilin vahid bir sistem şəklində inkişaf etdirilməsinin zəruriliyini qeyd edən akademik elmin qarşısında duran vəzifələrin həyata keçirilməsində magistratura pilləsinin mühüm rola malik olduğunu bildirərək tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi, elmi fəaliyyətlə məşğul olaraq müvafiq sahələrə öz töhfələrini verməsi üçün onları institutun magistraturasında təhsil almağa dəvət etdi.

Alim ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurum – Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində birgə fəaliyyət göstərdiklərini və gələcəkdə də əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Elm və təhsilin inteqrasiyası prosesində İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin mühüm vasitələrdən olduğunu bildirən akademik R.Əliquliyev AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Alim AzScienceNet-in dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaratdığını diqqətə çatdırdı. AzScienceNet-in 2015-ci ildə Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan elm və təhsil mühitini Avropanın elm, təhsil fəzasına inteqrasiya etdirərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmağa imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) milli operator statusunda üzvlüyünə qəbul olunduğunu qeyd etdi. Bugünkü olimpiadada da məhz AzScienceNet-in resurslarından istifadə ediləcəyini diqqətə çatdırdı.

R.Əliquliyev bildirdi ki, builki olimpiadada iştirak etmək üçün respublikanın 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçərək olimpiadanın ilk mərhələsində iştirak etmişdir. Qaydalara müvafiq olaraq, respublika üzrə 12 ali təhsil müəssisəsinin (Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) hər birindən 1 ən yaxşı nəticə göstərən komanda olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanmışdır.

Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının olimpiadada iştirakının təşviq edilməsi məqsədilə olimpiadanın Münsiflər Heyətinin qərarı ilə Sumqayıt Dövlət Universitetinin “DEV-SDU”, Mingəçevir Dövlət Universitetinin “MDU”, Gəncə Dövlət Universitetinin “Nizami” və Azərbaycan Texnologiya Universitetinin “AzeNET” komandalarının olimpiadanın final mərhələsində iştirakına imkan yaradılmışdır.

Sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü, gənc nəslin bu işlərin həyata keçirilməsində mühüm rol oynadığını söylədi. Bu baxımdan ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan marağının artırılmasına, habelə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsinə xidmət edən bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirərək olimpiada iştirakçılarına uğurlar dilədi.

AR Təhsil Nazirliyinin Təhsilin idarə olunması üzrə məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov çıxış edərək tədbir iştirakçılarını Təhsil Nazirliyi adından salamladı. Builki müsabiqədə ölkənin müxtəlif orta təhsil məktəblərindən Beynəlxalq İnformatika Olimpiadasında iştirakı nəzərdə tutulan 2 nəfər 8-ci sinif şagirdinin müsabiqədən kənar olaraq iştirak etdiyini vurğuladı. Bilik yarışına ev sahibliyi edən İnformasiya Texnologiyaları İnstitutuna təşkilatçılığa görə xüsusi minnətdarlığını bildirdi, iştirakçılara uğurlar arzuladı.

Sonra çıxış edən Olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək verilməsi baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq müsabiqələrə hazırlamaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.

Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Hər komanda 1 müəllim və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır. Təhsil müəssisələrinin yalnız bir komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Müsabiqə zamanı hər komandaya 5 saat ərzində 10 alqoritmik məsələni həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, akademik Rasim Əliquliyev, Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov və Olimpiadanın Münsiflər Heyətinin sədri Ramin Mahmudzadə müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandaların üzvləri ilə tanış oldular.

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilirdi.

Qaliblər “Nar” operatoru və “BestComp Group” şirkətinin qiymətli hədiyyələri, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı və diplomlarla mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: