Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2017 16:28
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Xalqının əbədiyaşar lideri kimi vətəninə tarixi nailiyyətlər qazandıran, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasından 94 il ötür. Ölkəmizə hər iki rəhbərliyi dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbər hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır və yaşayacaqdır.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında tədbirlər keçirilib.

Fizika İnstitutunda keçirilən toplantıda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, bu elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunda təşkil olunan tədbirdə isə institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi xalqımızı və dövlətimizi böyük fəlakətlərdən xilas edib. Alim ümummilli liderin Azərbaycan tarixinə böyük diqqət yetirdiyini, xüsusilə arxeologiya və etnoqrafiyasını daim himayə etdiyini bildirib: "Ulu öndərin böyük səyi nəticəsində gerçəkləşmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı Azərbaycan tarixinin ən qədim dövrlərindən orta əsrlərə qədər 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edilib, bu tədqiqatların nəticəsində ölkəmiz dünya arxeoloqlarının diqqət mərkəzinə çevrilib".

Dahi lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü AMEA Hüseyn Cavidin Ev Muzeyində də qeyd edilib. Tədbirdə bu qurumun direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, müdrik siyasi xadimin səyi nəticəsində Azərbaycanın inkişafa qədəm qoymasından, mədəniyyətin və ədəbiyyatın böyük mesenatı olmasından, xüsusilə dahi sənətkar Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbir çərçivəsində “Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda sərgi də nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: