Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim ekoloji təmiz yüksək oktanlı benzinin alınma metodunu təklif edib
11.05.2017 11:24
  • A-
  • A
  • A+

Azərbaycanlı alim ekoloji təmiz yüksək oktanlı benzinin alınma metodunu təklif edib

AMEA-nın акаdemik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) “Kompozision seolit sistemləri üzərində birbaşa qovulma benzinlərinin tərkibində yüksək oktanlı şaxələnmiş alkanların ehtiyatlarının innovаsion-katalitik artırılması üsulları” mövzusunda seminar keçirilib.

NKPİ-nin elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədovanın sədrlik etdiyi seminarda əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib, onun Azərbaycanın və elmimizin inkişafındakı əvəzolunmaz rolundan danışılıb.

Daha sonra Azərbaycan kimya elmində xüsusi xidmətləri olan akademik Rəfiqə Əliyevanın və AMEA-nın müxbir üzvü Nazil Canibəyovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda institutun Heterogen kataliz laboratoriyasının əməkdaşı Aytən İskəndərova mühazirə ilə çıxış edib. Alim məruzəsində avrostandartların tələblərinə cavab verən benzinə keçidin onlarda yüksək oktan ədədini saxlamaq şərtilə aromatik komponentlərin ümumi miqdarını azaltdığını deyib. Bildirib ki, hazırda neftin distilləsindən alınan BQB ya sonradan satış benzinlərinin komponenti kimi istifadə olunan fraksiyalara ayrılır, ya da zənginləşdirilməyə göndərilir.

BQB-nin tərkibinə daxil olan C7+ karbohidrogenlərinin izomerləşdirici emala cəlb edilməsi məsələsinin indiyə qədər öz həllini tapmadığını deyən A.İskəndərova məsələ ilə bağlı təklif irəli sürüb: "Bu problemi həll etmək üçün işlənib hazırlanmış kompozision katalitik sistemlər üzərində aşağı temperaturlu izomerləşmə-disproporsionlaşma vasitəsilə ekoloji təmiz yüksək oktanlı benzinlərin alınmasını təklif edirik. Bizim tədqiqatın dünyada mövcud olan digər araşdırmalardan fərqi karbohidrogenlərin izomerləşdirici emalının disproporsionlaşma ilə bir araya gətirilməsinin mümkünlüyündən ibarətdir".

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: