www.science.az
17.05.2017 16:13

Gənc alim və mütəxəssislərin dördüncü futbol çempionatının qalibləri mükafatlandırılıblar

Mayın 17-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin dördüncü futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Çempionatın final oyununda İdarəetmə Sistemləri və İqtisadiyyat institutlarının komandaları III yer uğrunda mübarizə aparıblar. Bu yarışmada 6:4 hesabı ilə İdarəetmə Sistemləri İnstitutunun komandası qələbə qazanıb. Birinci yer uğrunda isə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları mübarizə aparıblar. 2:1 hesabla Fizika İnstitutunun komandası çempionatın qalibi olub.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev komandaların üzvlərini təbrik edib, ənənəvi çempionatın ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. D.Tağıyev dördüncü dəfədir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, hazırda Bakının “İslam Həmrəyliyi Oyunları” kimi möhtəşəm beynəlxalq idman yarışına ev sahibliyi etdiyini, dünyanın 4 qitəsindən ölkəmizə minlərlə idmançının gəldiyini və bunun Azərbaycanın təbliğində önəmli addım olduğunu vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov budəfəki çempionatda akademiyanın müxtəlif institut və təşkilatlarından 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqlı keçdiyini söyləyib, göstərilən dəstəyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra komandalar mükafatlandırılıb. AMEA-nın Fizika İnstitutunun komandası birinci, Geologiya və Geofizika İnstitutunun komandası ikinci, İdarəetmə Sistemləri İnstitutunun komandası isə üçüncü yeri tutub. Qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.