www.science.az
18.05.2017 16:56

“Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin xatirəsinə həsr olunan “Məhtimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Ədəbiyyat İnstitutunun alim və mütəxəssisləri, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri, ölkənin tanınmış elm xadimləri və media nümayəndələri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyəsindən danışıb. Ədəbiyyat İnstitutu tərəfindən şairin Azərbaycanda tapılan “Divan”ının çapının ədəbi əlaqələrimizə töhfə olduğunu söyləyən akademik İsa Həbibbəyli görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığının, onun xatirəsinin ölkəmizdə əziz tutulduğunu və bu münasibətlə silsilə konfransların, tədbirlərin keçirildiyini bildirib.

Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Batır Recepev iki ölkə əlaqələrinin əhəmiyyətindən danışaraq beynəlxalq konfransın təşkilinə görə akademiya rəhbərliyinə, o cümlədən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkürünü bldirib.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Türk ellərinin böyük şairi Məhtimqulu Fəraqi”, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının “Məhtimqulu Fəraqinin poemaları” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə Məhtimqulu Fəraqinin həyat və yaradıcılığından söhbət açılıb, şairin poemalarının ilk dəfə ölkəmizdə həm Azərbaycan, həm də türkmən dillərində nəşrə hazırlandığı diqqətə çatdırılıb.

Beynəlxalq tədbirdə filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Oğuz türkləri ədəbiyyatının qüdrətli nümayəndəsi Məhtimqulu Fəraqi” və Ədəbiyyat İnstitutunun dissertantı Töhfə Talıbova “Məhtimqulu Fəraqinin Azərbaycanın qədim Nuxa (Şəki) şəhərində olması barədə” mövzularında çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.