Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.05.2017 11:16
  • A-
  • A
  • A+

AMEA Türkiyənin Səlcuq Universiteti ilə əməkdaşlıq edəcək

AMEA Türkiyənin Səlcuq Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyası Türkiyənin Səlcuq Universiteti (SU) ilə Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcək. Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə anlaşma memorandumunun iki qurum arasındakı əlaqələrin qurulması və davamlı inkişafı, həmçinin elm və təhsilin inteqrasiyası baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin isə öz növbəsində səmimi qəbula görə məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrin genişləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.

Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-dan magistrant və doktorantlar Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər. Sənəd akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsini, o cümlədən tərəflər arasında kadr mübadiləsini nəzərdə tutur. 

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və SU-nun professoru Alattin Aköz də iştirak ediblər.

Sonda tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və SU-nun rektoru, professor Mustafa Şahin imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: