Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kitabxanaşünas-alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunan konfrans keçirilib
19.05.2017 16:48
  • A-
  • A
  • A+

Kitabxanaşünas-alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Tədbirdə MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək görkəmli alimin kitabxana işi sahəsindəki xidmətlərindən söhbət açıb. L.İmanova rəhbərlik etdiyi qurum tərəfindən R.Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən biblioqrafik göstəricilərin çap olunduğunu və elektron formatda hazırlandığını nəzərə çatdırıb.

MEK-in Kitabxana-Xidmət şöbəsinin əməkdaşları - Nərgiz Novruzova, Afət Məmmədova, Könül Abdullayeva, Mahnur Həsənova “Rasim Kazımov - MEK-in təqdimatında” mövzusunda məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, R.Kazımovun 1954-2007-ci illərdə nəşr olunan 245 ədəbiyyatdan ibarət şəxsi kolleksiyası alimin vəfatından sonra ailəsi tərəfindən kitabxanaya hədiyyə edilib.

Sonra Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaşünaslıq-informasiya fakültəsinin professoru Abuzər Xələfov çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb. A.Xələfov R.Kazımovun AMEA-nın elm xadimlərinin biblioqrafik göstəricilər seriyasının yaradılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırıb.

M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov isə çıxışında R.Kazımovun kitabşünaslıq sahəsində irəli sürdüyü təkliflərin müasir dövr üçün də aktual olduğunu bildirib.

Konfransda BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, professor Xəlil İsmayılov, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanov, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov və digərləri çıxış edərək mərhum alimin həyatının hər bir gənc üçün nümunə olduğunu, onun tədris pedoqoji mühitinə yeniliklər gətirdiyini söyləyiblər.

Tədbirdə R.Kazımovun qızı Leyla İbrahimova çıxış edərək konfransın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda alimin xatirəsinə həsr olunan “Rasim Kazımov – MEK-in təqdimatında” adlı videoçarx nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: