Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Əli Abbasov AMEA-nın müşaviri təyin olunub
24.05.2017 13:25
  • A-
  • A
  • A+

Akademik Əli Abbasov AMEA-nın müşaviri təyin olunub

Akademik Əli Abbasov AMEA-nın müşaviri vəzifəsinə təyin edilib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, Ə.Abbasov 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunun avtomatika və telemexanika fakültəsini, 1980-ci ildə isə "Elektron hesablama maşınları" ixtisası üzrə Ukrayna Elmlər Akademiyasının aspiranturasını bitirib. 1982-ci ildə texnika elmləri namizədi, 1994-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1996-cı ildə isə informatika üzrə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

İnformatika üzrə tanınmış mütəxəssis olan Ə.Abbasov, həmçinin Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının və Ümumdünya Elmlər Akademiyasının həqiqi üzvü, 5 xarici universitetin fəxri doktorudur. O, 200-dən artıq elmi məqalənin, 10-dan çox monoqrafiya, dərslik, müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Alimin rəhbərliyi ilə 31 fəlsəfə doktoru, 10 elmlər doktoru hazırlanıb.

Ə.Abbasov 1994-2000-ci illərdə AMEA-nın İnformatika və Telekommunikasiya Elmi Mərkəzinin direktoru, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, 2004-2015-ci illərdə AR Rabitə və Yüksək Texnologiyalar naziri vəzifələrində çalışıb. BMT, YUNESKO və NATO-nun Elm və Texnologiya komitələrində ölkəmizi dəfələrlə təmsil edib, informasiya texnologiyaları üzrə bir sıra milli və beynəlxalq layihələrə rəhbərlik və koordinatorluq edib.

O, 2000-2004-cü illərdə AR Milli Məclisinin deputatı və Avropa Şurasında MM-in nümayəndə heyətinin üzvü olub.

Alim ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 2012-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: