Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən ərazidə aparılan tədqiqatlar zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbir qeydə alınıb. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar 28 qəbir açıb, onlardan 18-i təmizlənərək öyrənilib. Daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və çeşidli maddi-mədəniyyət nümunələri tapılıb.
Nekropolun eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.
Dəmirçi nekropolunda və ətraf ərazidə arxeoloji tədqiqatların daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.