Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Elmi Kitabxanada “EBSCO” məlumat bazasının növbəti seminarı keçirilib
02.06.2017 13:35
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “EBSCO” məlumat bazasının növbəti seminarı keçirilib

Mərkəzi Elmi Kitabxanada (MEK) bu qurumun, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AKİK) və EBSCO nəşriyyatının təşkilatçılığı ilə “EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları” mövzusunda növbəti seminar keçirilib.

Seminarda AKİK-in respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlığından danışıb. Bildirib ki, AKİK-in məqsədi üzvlər arasında informasiya mənbələrini bərabər paylamaq, əldə olunan elektron ehtiyatların miqdar və keyfiyyətini artırmaq, eləcə də üzvlərin sayını çoxaltmaqdır. C.Yusifova bazanın məlumat mənbələrindən yararlanmaq və sərfəli abunə haqqı ilə əlaqədar məsələləri həll etmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının vahid sistemdə birləşməsinin vacibliyini vurğulayıb. O, bundan sonra da konsorsium tərəfindən akademiyanın institut və təşkilatlarından olan istifadəçilərə “EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə edə bilmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treninqlərin təşkil olunacağını diqqətə çatdırıb.

Daha sonra “EBSCO”nun Azərbaycan üzrə təmsilçisi İrina Kreyçarova slaydlı təqdimatla çıxış edib. ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO”nun qısa tarixindən danışan İ.Kreyçarova xatırladıb ki, bu qurum aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir: “EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir”.

İ.Kreyçarova daha sonra “EBSCO Discovery Service”in texnoloji xüsusiyyətlərini, bazanın axtarış sisteminin iş prinsiplərini nümayiş etdirib. Təmsilçi şəxsi qovluğun yaradılması, elektron kitabların axtarışı və yüklənməsi prosedurlarını da ətraflı izah edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: