Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.06.2017 11:16
  • A-
  • A
  • A+

Əməkdar rəssam Rais Rəsulzadənin fərdi sərgisi açılıb

Əməkdar rəssam Rais Rəsulzadənin fərdi sərgisi açılıb

İyunun 5-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rais Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb.

Millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Rəssamlar İttifaqının nümayəndələrinin iştirakı etdiyi sərgidə rəssamın “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri yer alıb.

Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Rais Rəsulzadənin Azərbaycanda sulu boyanı yaşadan peşəkar rəssamlardan biri olduğunu söyləyib. Qeyd edib ki, rəssamın yaratdığı əsərlər əsasən böyük həcmli, müxtəlif fiqurlu kompozisiyalardan və mənzərələrdən ibarətdir.

Sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək rəssamın fərdi sərgisinin açılmasının onun yaradıcılığının parlaq hadisəsi adlandırıb. Qeyd edib ki, R.Rəsulzadə görkəmli rəssam olmaqla yanaşı, həm də pedaqoqdur. O, əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə ADPU-da təhsil alıb və bütün həyatını pedaqoji universitetə bağlayıb. R.Rəsulzadə dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş olunan əsərləri ilə Azərbaycanı, xalqımızın zəngin mədəni irsini tərənnüm və təbliğ edib.

Akademik R.Hüseynov rəssamın bütün yaradıcılığında Azərbaycan, onun təbiəti və varlığının əks olunduğunu diqqətə çatdırıb.

Tədbirdə millət vəkili Fazil Mustafa, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qabil Abbasov və digərləri çıxış edərək R.Rəsulzadənin təsviri sənətin inkişafına verdiyi dəyərli töhfələrdən söhbət açıb, sərgi ilə bağlı fikirlərini bölüşüblər.

Sonda rəssam Rais Rəsulzadə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: