Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ xanlığının pul dövriyyəsindən bəhs olunan tədbir keçirilib
08.06.2017 15:30
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ xanlığının pul dövriyyəsindən bəhs olunan tədbir keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi-nəzəri seminarın növbəti məşğələsi keçirilib.

Tədbirdə Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov çıxış edərək Qarabağ ərazisində aşkarlanan daş dövrünün qədim yaşayış yerləri, tunc dövrünün yaşayış məskənləri, antik və orta əsrlərə aid nadir artefaklar barədə məlumat verib. O, Azərbaycan ərazisində aşkarlanan numizmatik materialların dövlətçiliyimizin mədəni və siyasi tarixində xüsusi yer tutduğunu söyləyib.

Sonra institutun Numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev "Qarabağ xanlığının pul dövriyyəsi" mövzusunda məruzə ilə çıxış edib. Alim Qarabağ xanlığının ilk dövrlərində qonşu dövlətlərin pullarının işlədildiyini və daha sonra “Pənahabad” adlı sikkələrin dövriyyəyə buraxıldığını söyləyib: “Dünya numizmatik ədəbiyyatında bu gümüş sikkələr “pənahabadi” adı ilə tanınır. Pullar xarici görünüşünə görə, Osmanlı sultanı sikkələrinə oxşayırdılar”.

A.Quliyev Qarabağ xanlığında gümüş pullardan iki növ “pənahabadi”, bir növ “sahibkiran”, mis pullardan isə iki növ “fulus”lar və bir növ “bisti”nin dövriyyədə olduğunu deyib. O, Qarabağ xanlığında son sikkələrin 1822-ci ildə buraxıldığının bildirib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və sonda suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: