Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Zemfira Səfərovanın 80 yaşı tamam olur
09.06.2017 09:07
  • A-
  • A
  • A+

Akademik Zemfira Səfərovanın 80 yaşı tamam olur

İyun ayının 10-da görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi,  AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Yusif qızı Səfərovanın 80 yaşı  tamam olur.

Zemfira Səfərova 1937-ci il iyunun 10-da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1962-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayan alim kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1980-ci ildən institutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.

 O, 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik Z.Səfərova 250-dən artıq elmi əsərin, o cümlədən 40-dan çox kitab və monoqrafiyanın müəllifidir. Onun “Azərbaycanın musiqi elmi” adlı fundamental monoqrafiyasında ilk dəfə olaraq orta əsr musiqimizin korifeylərindən Səfiyəddin Urməvinin, Əbdülqadir Marağainin, XIX əsrin görkəmli ensiklopedist alimi Mir Möhsün Nəvvabın və Azərbaycan musiqi sənətinin banisi Üzeyir  Hacıbəylinin irsi geniş şəkildə araşdırılmışdır. Alimin təşəbbüsü ilə Mir Möhsün Nəvvabın “Vüzuhül Ərqam” əsəri ilk dəfə mətnşünaslıq tələblərinə uyğun şəkildə nəşr olunmuşdur. O, XIII əsrin böyük musiqişünas alimi Səfiyəddin Urməvinin “Kitabül-ədvar” və “Səfəviyyə” risalələrinin və XV əsrin görkəmli alimi Fətullah Şirvaninin “Musiqi məcəlləsi” risaləsinin redaktoru, ön söz və şərhlərin müəllifi olmuşdur. Səfiyəddin Urməvi, Əbdülqadir Marağai, Mir Möhsün Nəvvabın əsərləri əsasında “Azərbaycanın qədim musiqi terminlər” lüğətini tərtib və nəşr etmişdir. “Qədim Azərbaycan musiqi terminləri lüğəti”nin 5 cildlik Azərbaycan musiqi tarixi layihəsinin rəhbəri və əsas həmmüəllifidir.

Sənətşünas alimin son illərdə Azərbaycan, rus, ingilis, türk dillərində nəşr olunmuş bir sıra əsərləri - “Bebeklərimiz makamla ağlar” , “Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri”, “Şərq musiqisinin peyğəmbəri”,  “Azərbaycanın musiqi tarixi”, “Üzeyir Hacıbəyov və onun sələfləri”,  “Türk dünyasının müzik yıldızı Üzeyir Hacıbəyov” və  s. sənətşünaslıq elmimizin mühüm nailiyyətləri hesab oluna bilər.

Fransa, Türkiyə, Çin, İran, Özbəkistan, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olan alim Azərbaycan musiqi elmini ləyaqətlə təmsil və təbliğ etmişdir. Onun rəhbərliyi ilə 2 elmlər və 7 fəlsəfə doktoru hazırlanmışdır.

Z.Səfərova elmi-təşkilati fəaliyyətlə yanaşı, ictimai işlərdə də yaxından iştirak etmişdir. O, 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, 2000-ci ildən ittifaqın Musiqişünaslıq və tənqid bölməsinin rəhbəridir. Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə ekspert  şurasının sədridir.

Alimin xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək  qiymətləndirilmişdir. O, 1989-cu ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüşdür. Həmçinin AMEA-nın Üzeyir Hacıbəyli adına, “Humay”, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı” və s. nüfuzlu mükafatları ilə təltif edilmişdir.

Görkəmli sənətşünas alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: