Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qubada “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr keçirilib
09.06.2017 09:39
  • A-
  • A
  • A+

Qubada “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr keçirilib

İyunun 8-də Qubadakı Heydər Əliyev Mərkəzində “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi mühazirələr “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda olub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mühazirəsində son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs edib. Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının təməlini qoyduğunu vurğulayan mühazirəçi bildirib ki, respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atıb.

Tədbirdə Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev də məruzəsində dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamlarından, aparılan abadlıq-quruculuq işlərindən danışıb. Tarixi məqamlara da toxunan məruzəçi bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda stabillik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsinə yol açılıb və bu yolun uğurla davam etdirilməsi ölkəmizin dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb olub.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkəmizdə keçirilən beynəlxalq konfrans və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs edib.

İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunub, dövlətimizin başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: