www.science.az
19.06.2017 14:43

Lənkəranda “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

İyunun 16-da Lənkəran Dövlət Universitetində (LDU) akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Elmi konfransda çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov Azərbaycanda ekologiya elminin inkişafında, ekoloji mühitin tarazlaşdırılmasında və qorunmasında, bu sahədə elmi kadrların hazırlanmasında akademik Həsən Əliyevin fəaliyyətini yüksək dəyərləndirib.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi – akademik H.Əliyev”, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun “Azərbaycanın günəş enerjisi modeli“, Azərbaycan Coğrafiya Cəmiyyəti Lənkəran filialının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Ziyafət Ağayevin “Lənkəran təbii vilayəti çaylarında ekoloji problemlər və onların əmələgəlmə səbəbləri“, coğrafiya üzrə fəlsəfə doktorları Məhərrəm Həsənov və Mətləb Rəhimovun “Lənkəran təbii vilayətinin iqlim və aqroiqlim ehtiyatları”, coğrafiya üzrə fəlsəfə doktoru Zakir Eminovun “Lənkəran-Astara iqtisaadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri” və digərlər mövzularda məruzələr dinlənilib.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.