Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiyada yaşayan azərbaycanlı alim kitab kolleksiyasını Şamaxı Astrofizika Rəsədxanasına bağışlayıb
20.06.2017 09:10
  • A-
  • A
  • A+

Rusiyada yaşayan azərbaycanlı alim kitab kolleksiyasını Şamaxı Astrofizika Rəsədxanasına bağışlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı alim, günəş fizikası üzrə mütəxəssis, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əsgər Həsənəlizadə şəxsi kitab kolleksiyasını N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi kitab­­xanasına bağışlayıb.

Alimin şəxsi kolleksiyasına 1500-ə qədər astronomiya, astrofizika, mexanika-riyaziyyat, fizika və digər elmlərə aid kitablar, toplular, konfrans materialları daxildir.

Qeyd edək ki, Ə.Həsənəlizadə müxtəlif vaxtlarda ŞAR-ın aparıcı elmi işçisi, Astrofiziki Metrologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışıb.

70-ə yaxın elmi işin və 1 monoqrafiyanın müəllifi olan alimin araşdırmalarından bir çoxu beynəlxalq jurnallarda ingilis dilində nəşr edilib (Solar Physics, Astrophysics and Space Science).

O, 1990-cı ildən etibarən Avropa Astronomik İttifaqının üzvü, 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

Əsgər Həsənəlizadə SSRİ Elmlər Akademiyasının Baş Astronomiya Rəsəd­xa­nasın­da  (Pulkovo) aspiranturada oxuduğu müddətdə həmin qurumun Günəş Fizikası şöbə­sinin müdiri, “Solneçnıye Dannıye” bülleteninin redaktoru, prof. V.Kratın rəhbərliyi ilə Sakit Günəş spektrində “qırmızı sürüşmə” effektini yeni fotoelektrik metodla öyrənməyə başlayıb. Bu metod fotoqrafik üsuldan bir çox üstünlükləri ilə fərqlənir və ölçülən dalğa uzunluqlarının dəqiqliyini bir neçə dəfə artırır.

Bundan əlavə, alim hidrogen və hidrogenə bənzər ionların spektral xətlərinin qravitasional qırmızı sürüşmələrinə kvant təsəvvürünü tətbiq edərək diskret düstur alıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: