Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib
21.06.2017 13:26
  • A-
  • A
  • A+

“Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib

İyunun 21-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib. 

Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən alim təsdiq edilmiş tədbirlər planına əsasən görülən işlərdən bəhs edib. Qeyd edib ki,Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyləri keçirilmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 300 illik yubileyi ilə əlaqədar Molla Pənah Vaqifin adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini xatırladan akademik İ.Həbibbəyli bu ilin TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunmasını da mühüm əhəmiyyətə malik ədəbi-tarixi hadisə kimi səciyyələndirib.

AMEA-nın elmi-tədqiqat müəssisələrində Molla Pənah Vaqifin yubileyi ilə bağlı elmi konfrans və sessiyaların keçirildiyini, qarşıda yekun tədbirin nəzərdə tutulduğunu diqqətə çatdıran İ.Həbibbəyli şairin yaradıcılığının klassik ənənə ilə yeni dövr ədəbiyyatı arasında mərhələ olduğunu xüsusi vurğulayıb. Molla Pənah Vaqifi öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi səciyyələndirən AMEA-nın vitse-prezidenti bildirib ki, şair bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına əsaslı təsir göstərib. 

Daha sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas xüsusiyyətlərindən söz açıb, böyük şairin zəngin ədəbi irsində şifahi xalq düşüncəsinin, folklorun rolundan danışıb.

Plenar iclasda AMEA-nın müxbir üzvü Kamran Əliyev “Molla Pənah Vaqif realizmi və folklor”, professor Nailə Rəhimbəyli “Molla Pənah Vaqif yaradıcılığı və xalq musiqisi” və filologiya üzrə elmlər doktoru İslam Sadıq “Molla Pənah Vaqif irsi və XIX əsr Azərbaycan aşıq şeiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Müzakirələr bölmə iclaslarında davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: