Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.07.2017 16:45
  • A-
  • A
  • A+

Big Data XXI əsrin qlobal çağırışlarından biridir

Big Data XXI əsrin qlobal çağırışlarından biridir

AMEA Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixli iclasında təqdim olunan məruzə Big Data problemlərinə həsr olunub.

Tədbirdə “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” mövzusunda məruzə ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Müasir dövrdə böyük həcmdə verilənlərin saxlanması və emalı problemlərinin həllinin vacib məsələlərdən olduğunu deyən məruzəçi Big Data-nın XXI əsrin qlobal çağırışlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə geniş tətbiqi ifrat dərəcədə informasiya selini yaradaraq Big Data problemini meydana gətirib. Alim qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən Big Data-ya yüksək dəyər verilir, onun potensial imkanlarından istifadə sahəsində bir sıra strateji plan və layihələr qəbul edilir: “Avropa Komissiyası Big Data-nın tədqiqi üçün “Horizon 2020” proqramı çərçivəsində 120 milyon avro həcmində investisiya ayırıb”.

R.Əliquliyevin sözlərinə görə, Big Data-nın analizi və onlardan yeni biliklərin əldə olunması müasir elmin qarşısında aktual və həlli çətin olan multidissiplinar problemlər qoyub: “Bu da elmdə yeni bir istiqamətin – verilənlər haqqında elmin (Data Science) meydana gəlməsinə və yeni mütəxəssislərin – verilənlərin emalı üzrə alimlərin yetişməsinə (Data Scientist) səbəb olmuşdur”.

Məruzəçi qeyd edib ki, elektron elmin şəbəkə platforması olan AzScienceNet-in Data Mərkəzinin imkanlarının genişləndirilməsinə baxmayaraq, mərkəzin resurslarından səmərəli istifadə olunmur. Belə ki, müxtəlif elm sahələrində aparılan araşdırmalar nəticəsində əldə olunmuş məlumatların toplanması, saxlanması və emalı üçün Data Mərkəzin və Big Data analitikası texnologiyalarının verdiyi imkanlardan lazımi səviyyədə istifadə edilmir. Bu problemlərin multidissiplinar xarakter daşıdığını deyən alim onların həlli üçün universal kadrların (Data Scientist, Data Analysist, Data Engineer) hazırlığına böyük ehtiyac yarandığını vurğulayıb.

R.Əliquliyev beynəlxalq qurumların çağırışlarını və problemin aktuallığını nəzərə alaraq, 2013-cü ildən etibarən ölkəmizdə də bu istiqamətdə tədqiqatlara başlanıldığını diqqətə çatdırıb. Qeyd edib ki, 2014-cü ildən başlayaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda SOCAR və AR Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Big Data-nın müxtəlif problemlərinə həsr olunmuş qrant layihələri yerinə yerinə yetirilmiş və bu istiqamətdə işlər davam etdirilir.

MDB məkanında ilk dəfə olaraq 2016-cı ildə AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransının keçirildiyini diqqətə çatdırıb.

Ölkəmizdə Big Data və superkompüter texnologiyaları sahəsində araşdırmaların vəziyyəti haqqında məlumat verən məruzəçi kompüter şəbəkələri əsasında virtual superkompüterlərin sintezi üçün  modellərin təklif  olunduğunu, Big Data-nın klasterləşdirilməsi üçün effektiv reprezentativ metodların işləndiyini deyib. Bildirib ki, ölkədə Big Data sahəsində 20 elmi məqalə, 62 konfrans materialı, superkompüter sahəsində isə 54 elmi məqalə, 44 konfrans materialı hazırlanmışdır.

Məruzəçi Big Data, Data Science, proqram mühəndisliyi və superkompüter texnologiyaları sahəsində kadr hazırlığı məsələlərinə də toxunub. Qeyd edib ki, ilk növbədə, AMEA-nın magistratura və doktoranturasında bu sahələr üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməlidir.

AMEA Rəyasət Heyəti Big Data analitikası və superkompüter texnologiyaları sahəsində multidissiplinar araşdırmaların prioritet  hesab  olunması, Big Data analitikası, superkompüter texnologiyaları, Data Science, proqram mühəndisliyi  sahəsində  kadr  hazırlığının (bakalavr, magistr, fəlsəfə doktoru) təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi, AzScienceNet şəbəkəsinin DATA Mərkəzinin resurslarından istifadənin səmərəliliyinin artırılması, AzEduNet, GEANT-a inteqrasiyasının gücləndirilməsi, elmi müəssisələr tərəfindən toplanan Big Data resurslarının DATA Mərkəzdə yadda saxlanılmasının təmin edilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Big Data və superkompüter texnologiyaları sahəsində elmi müəssisələr üçün elmi-metodiki dəstəyin həyata keçirilməsi barədə qərar qəbul edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: