www.science.az
04.03.2014 00:00

Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsində hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası” üzrə nəzərdə tutulan materialların işlənilməsi, nəşrə hazırlıq vəziyyəti barədə ətraflı danışıb. AR Prezidenti cənab İlham Əliyevin “Mirzə Fətəli Axunzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyəti, dahi mütəfəkkirin yubileyinin müvəffəqiyyətlə keçirildiyini xüsusi vurgulayan akademik bildirib ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycan elm və mədəniyyətinə həmişə diqqət və qayğı göstərilir: “Görkəmli elm və mədəniyyət xadimləri ilə yanaşı klassik irsə doğma münasibət, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətlər göstərmiş ədəbi simaların möhtəşəm yubiley tədbirlərinin keçirilməsi də bu qəbildəndir”.

Böyük mütəfəkkir M.F.Axundzadənin yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin də qərar qəbul etdiyini və qərara əsasən müxtəlif tədbirlərin həyata keçirildiyini xatırlayan institut rəhbəri Ədəbiyyat İnstitutunda hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik İsa Həbibbəyli dahi mütəfəkkiri Azərbaycan ədəbiyyatının nadir simalarından biri kimi səciyyələndirərək nəşri nəzərdə tutulan ensiklopediyanın yüksək səviyyədə olacağını diqqətə çatdırıb.

Müzakirədə filologiya üzrə elmlər doktorları Zaman Əsgərli, Vaqif Arzumanlı, Tahirə Məmməd çıxış edərək ensiklopediya ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Sonda akademik İsa Həbibbəyli adıçəkilən ensiklopediyanın hazırlanması işində əldə olan qaynaqlardan yalnız mənbə kimi istifadə edilərək yenidən yazılmasını, ölkəmizdəki mövcud sənədlərlə bərabər Gürcüstan və Rusiya arxivlərində də bu məqsədlə aparılacaq işin vacibliyini önə çəkib, yaradılan İşçi Qrupuna lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.