Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının Bəyanatı
07.07.2017 09:03
  • A-
  • A
  • A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının Bəyanatı

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“Məlum olduğu kimi iyulun 4-də saat 20 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini tank əleyhinə minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə kəndin iki sakini - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Bu qanlı hadisə zamanı 2 yaşı hələ tamam olmamış günahsız körpənin qətlə yetirilməsi faktı terrorizmi dövlət siyasətinə çevirmiş, fəaliyyətlərində beynəlxalq terror şəbəkəsinə və həmin şəbəkənin tanınmış simalarına arxalanan cinayətkar Ermənistan rejimi bütün addımlarında təkcə cəbhə xəttindəki hərbçiləri yox, əliyalın, günahsız kənd sakinlərini, yaşlıları və körpə uşaqları əsas hədəfə alıb. Erməni quldurları böyük xarici qüvvələrin köməyi ilə ərazimizin 20 faizini işğal etməklə, bir milyondan artıq insanımızı qaçqına və məcburi köçkünə çevirməklə kifayətlənməyərək Azərbaycan əleyhinə düşmən mövqelərini davam etdirməkdə israrlı olduqlarını hər məqamda göstərirlər. Hakimiyyəti qəsb etmiş canilər qrupu illərdir ki, qonşularına qarşı apardığı işğalçı və düşmənçilik siyasəti ilə ölkənin gələcəyinə ciddi təhlükələr yaratmaq, onu uçurma sürükləməklə yanaşı, istər siyasi, istər iqtisadi baxımdan öz vətəndaşlarına münasibətdə də eyni qəddar mövqedən çıxış edir.

Münaqişə zonasına yaxın olan Füzuli rayonunun Alxanlı kəndini daim atəş altında saxlayan işğalçı Ermənistanın hərbi birləşmələri mülki vətəndaşları qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymadıqlarını, insanlığa qarşı hərbi cinayətlərini davam etdirməkdə israrlı olduqlarını bir daha nümayiş etdirdilər. Fikrimizcə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır.

Azərbaycan gəncliyinin intellektual potensialını özündə birləşdirən, üç mindən artıq üzvü olan AMEA Gənc Alim və Mütəxəssislər Şurası bu cinayət aktını kəskin pisləyir, ATƏT-in Minsk qrupunu, Avropa Şurasını bir daha cinayətkar Ermənistan rejiminə qarşı qətiyyətli olmağa çağırır. Əlləri Qarabağ müharibəsində qana bulanmış Ermənistan prezidenti Serj Sarkisyan, yaxud onun sələfi Robert Koçaryan, ya da onlarla eyni əqidəni, eyni əxlaqı bölüşən komanda üzvləri dövləti bu cür bandit üsullarla idarə edib və etməkdədirlər. Ermənistan xalqını və regionu, Avropanı və dünyanı bu terrorçu rejimdən xilas etmək üçün ən qəti addımları atmağın vaxtı keçmirmi? Bu rejim daha nə qədər qanlı cinayətlər törətməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar sözdə yox, əməldə konkret hərəkətə keçsinlər?!

Biz, gənc alim və mütəxəssislər münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında günahsız uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcavüzkarların cəzalandırılması ilə əlaqədar təcili və qətiyyətli tədbirlər görməyə çağırırıq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: