www.science.az
26.07.2017 17:29

AMEA Astanada "Energy, Life, Science" mövzusunda konfrans keçirib

Məlum olduğu kimi, cari ilin 10 iyun - 10 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində "EXPO-2017“ Beynəlxalq sərgisi keçirilir. Bu  dəfəki sərgi “Gələcəyin enerjisi" mövzusuna həsr olunub.

EXPO-2017 sürətlə inkişaf edən alternativ enerji mənbələri sahəsi üzrə dünya təcrübəsinin mübadiləsi üçün mühüm platformadır. Sərginin mövzusu isə təsadüfən seçilməyib. Məlumdurki, dünyada enerjiyə olan tələbat daim artır və əksər ölkələr mövcud enerji resurslarından effektiv istifadə edilməsi, ən əsası isə alternativ enerji mənbələrinin tapılması üzərində çalışırlar.

Sərgidə 22 beynəlxalq təşkilat, Azərbaycan da daxil olmaqla 115 dövlət iştirak edir.

Ölkəmizi sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti də təmsil edir. Sərgi çərçivəsində AMEA iyulun 26-da "Energy, Life, Science" mövzusunda konfrans təşkil edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev "Xəzər dənizində qaz hidratları", Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Nazik təbəqəli günəş elementləri" və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Təbii katalizatorlardan istifadə etməklə bitki ehtiyatlarından biomotor yanacaqlarının və onlardan komponentlərin alınması" adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.