www.science.az
05.03.2014 00:00

Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirildi

Bu gün AMEA Geologiya İnstitutunda Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov dinləniləcək məruzə haqqında məlumat verdi.

Sonra texnika üzrə fəlsəfə doktoru Vüqar Fətəliyev və AMEA-nın müxbir üzvü Zöhhak Abbasov həmmüəllifi olduqları “Laydakı qalıq suyunun qazkondensat yataqlarının işlənmə göstəricilərinə təsiri” adlı məruzə ilə çıxış etdilər.

V.Fətəliyev bildirdi ki, bütün karbohidrogen yataqlarında neft, qaz və ya kondensatla yanaşı lay suları da mövcud olur. Bu sular neft və qaz yataqlarının işlənilməsi prosesində faza keçid proseslərinə güclü təsir edir. Bu məsələnin ətraflı öyrənilməsi işlənilmə prosesinin göstəricilərinin qiymətləndirilməsində vacib rol oynayır. O Lay modeli: tədqiqatın, qaz, kondensat və su nümunələrinin əldə edilməsi problemləri, eksperimentləri aparmaq üçün lazım olan qurğunun yaradılması, qalıq suyun modelləşdirilməsinin çətinlikləri və s. önəmli bilgilər haqda məlumat verdi.

Tədbirdə AMEA müxbir üzvləri Qalib Əfəndiyev, Qərib Cəlalov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Ağamusa Dadaşov, geologiya-mineralogiya üzrə elmlər doktoru Elmira Vəliyeva, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov və digərləri mövzu ətrafında fikir mübadiləsi apardılar.

İndiki dövrdə bir sıra ekspermentlərin aparılması olduqca qəliz olduğunu qeyd edən AMEA müxbir üzvü Q.Cəlalov gələcəkdə bu qəbildən olan problemlərin öz həlli tapacağını söylədi. Akademik məruzə ilə bağlı fikirlərini bölüşdü, V.Fətəliyevə gələcək işlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.