Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək
01.08.2017 10:22
  • A-
  • A
  • A+

Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək

O, artıq tarixin bir parçasıdır. Hərçənd, elə sağlığında da canlı tarix idi və sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisi olmaq məsudluğu və məsuliyyəti ona cavan vaxtlarından nəsib olmuşdu.

Bəxtiyar Vahabzadə İkinci Dünya müharibəsindən sonra ədəbiyyata gələrək elə ilk addımlarından da diqqətləri cəlb etmiş, söz sərraflarını diksindirməyi bacarmış parlaq qələm sahibi idi.

60 ildən artıq bir müddətdə hərarətli qəlbi, yorulmaz qələmi, buxovsuz və hüdudsuz düşüncələri ilə millətinə xidmət etdi.

Bəxtiyar Vahabzadənin ömrünün 60 ildən çoxu elə bir zaman kəsiyində keçdi ki, Sovetin qılıncı daim başı üstündə asılı idi. 

Bu nəhəngə tabe olmamaq, onunla hesablaşmamaq (barışmaq yox!), yeri düşəndə ona əyilməmək müşkül idi. Lakin bütün bunlara baxmayaraq, sovet dövrünün şairi Bəxtiyar Vahabzadə sovet şairinə çevrilmədi. 

Əksinə, qələmiylə, sözüylə, qaynar təbiəti və coşqun təfəkkürü ilə həmin qəddar rejimin ayağının altını qazıyanlardan, bu quruluşun çürük mahiyyətini şüurlara yeritmək yolunda mübarizə aparan azlardan oldu.

Bəxtiyar 60 il ədəbi aləmdə dikəldi. 60 ilin özü ayrılıqda bir ömürdür. Həmin 60 il Bəxtiyar Vahabzadənin yalnız fəal yaradıcılıqla məşğul olduğu həyat parçası deməkdir. 

O, qismətinə yazılmış bu yaradıcı 60 il boyunca elə təkrarsız və füsunkar bir söz və düşüncə dünyası doğurdu ki, bundan sonra yüzillərlə yaşamasına bəs edər.

Yüzillər və minillərdən gələn bir ədəbi ənənə, yazılmamış bir qayda var ki, adətən, hər şair gerçək adından savayı təxəllüs də götürür. Müasir Azərbaycan ədəbiyyatının ən qüdrətli yaradıcılarından sayılan Bəxtiyar Vahabzadənin şairlik təxəllüsü yox idi. Şeirlərini elə öz əsl adı və soyadı ilə imzalayırdı...

Rafael Hüseynov, akademik, Milli Məclisin deputatı 

525-ci qəzet

  • Paylaş: