www.science.az
05.03.2014 00:00

Ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, respublikada avtomobil və digər texnikanın parkı ildən-ilə sürətlə artır və istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühütü çirkləndirməklə ekoloji gərginlik yaradır: “Müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri də həmin zərərin minimuma endirilməsidir. Bu nöqteyi-nəzərdən, ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün, bir tərəfdən, sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə -aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, digər tərəfdən isə, işlənmiş yağları regenerasiya (bərpa) edib yenidən istifadə etmək lazımdır”.

Akademik qeyd edib ki, institutda işlənmiş yağların təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənmiş, alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılmışdır. Müəyyən edilib ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər.

V.Fərzəliyevin sözlərinə görə, bu istiqamətdə sistemli tədqiqatların davam etdirilməsi üçün YUNESKO və Rusiyanın aparıcı sənaye müəssisəsi “PhosAgro” arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, sözügüedən qurumlar və İUPAC tərəfindən “yaşıl kimya” sahəsində çalışan gənc alimlər üçün elan edilən təqaüd proqramına yeni layihə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.