www.science.az
07.08.2017 09:54

Görkəmli alim Siddiqə Məmmədova Gəncədə son mənzilə yola salınıb

Avqustun 6-da Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli bioloq alim, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Siddiqə Rza qızı Məmmədova ilə vida mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək görkəmli alim Siddiqə Məmmədovanın səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə biologiya elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, akademik S.Məmmədova bitki mühafizəsi, o cümlədən entomologiya sahəsində hərtərəfli biliyə malik olan alim idi.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev qeyd edib ki, akademik S.Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınmış və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin aktual mövzulara həsr olunmuş araşdırmaları respublikada aqrar elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək göstərmişdir.

Vida mərasimində çıxış edən AR Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, bioloq alim zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirmişdir. O, uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında bildirib ki, S.Məmmədovanın ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur. O, bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 

E.Vəliyev vuğulayıb ki, elmi və pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən S.Məmmədova Azərbaycan elmi və təhsilinin inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.