www.science.az
08.08.2017 17:19

Neft-Kimya Prosesləri İnstitutunda görkəmli kimyaçı alimin 90 illik yubileyinə həsr olunan elmi-texniki konfrans keçiriləcək

Oktyabrın 3-də AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda tanınmış kimyaçı alim, professor Sultan Sultanovun anadan olmasının 90 illiyinə həsr edilən “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” mövzusunda respublika elmi-texniki konfransı keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd görkəmli alimin raket, dizel və reaktiv yanacaqlarının alınması istiqamətindəki rolunu bir daha işıqlandırmaqdır.

Konfransın elmi proqramında reaktiv və raket yanacaqlarının alınma texnologiyası, reaktiv və raket yanacaqları üçün sintetik komponentlər, mühərrik yanacaqları ücün aşqarlar bölmələri üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, professor S.Sultanovun əsas elmi istiqaməti Azərbaycan neftləri əsasında istehsal olunan reaktiv yanacağının keyfiyyətini yaxşılaşdırmaq və yeni yanacaq növlərinin alınması olub. Apardığı sistematik və məqsədyönlü tədqiqatları nəticəsində o, Azərbaycan neftlərinin emalında yeni elmi istiqamətin əsasını qoyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.