Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli geofizik Çingiz Əliyevi 70 yaşı münasibətilə təbrik edirik!
23.08.2017 11:23
  • A-
  • A
  • A+

Görkəmli geofizik Çingiz Əliyevi 70 yaşı münasibətilə təbrik edirik!

Avqust ayının 21-də görkəmli geofizik alim, Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Çingiz Səid oğlu Əliyevin 70 yaşı tamam olub.

Çingiz Əliyev 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir.

1985-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1994-cü ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 2013-cü ildə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Hazırda AMEA Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəridir.

Alimin fəaliyyətinin əsas elmi istiqamətləri Yer qabığı radioaktivliyinin məkan-zaman qanunauyğunluqluqlarının, radioaktiv sahələrin geoloji quruluşla əlaqəsinin öyrənilməsi, neft-qazlı ərazilərin radiometriyası, neft-qaz yataqlarının birbaşa radiometrik üsulla axtarışı, dərin qırılmaların aktivliyinin qiymətləndirilməsi və ekoloji və tibbi geologiya problemləri ilə əlaqədardır. Professor Ç.Əliyev Azərbaycanın depressiya zonalarının təbii radioaktivliyinin öyrənilməsi, mezo-kaynozoy kompleksi süxurlarının qamma-şüalanmasının normal fonu şkalasının tərtibi və geoloji sərhədlərin müəyyən edilməsi, depressiya zonalarında radioaktiv sahələrin paylanması qanunauyğunluğunun və geoloji əmələgəlmə şəraitinin təyini, onların Yer qabığının dərinlik quruluşu ilə əlaqəsinin müəyyənləşdirilməsi sahəsində önəmli tədqiqatlar aparmışdır. O, Böyük Qafqazın Azərbaycan hissəsinin seysmoaktiv zonalarında radiomonitorinqin metodik əsaslarını, karbohidrogen yataqlarının müəyyən edilməsi, tektonik pozulma zonalarının və onların aktivliyinin təyin edilməsi məqsədilə rasional radiometrik və geofiziki üsullar kompleksinin seçilmə meyarlarını hazırlamışdır.

Alim geoekologiya sahəsində də mühüm tədqiqatlar aparır. O, Azərbaycanın müxtəlif ərazilərinin 1:200 000 miqyasda təbii radioaktivlik xəritələri, Azərbaycanın neft-qaz sahələrinin fon radioaktivliyinin 1:100 000 miqyaslı xəritələri, radionuklid çirklənmə sahələrinin aşkar edilməsi və onların əmələgəlmə mexanizminin ayird edilməsi kimi mühüm işlər görmüşdür.

Ç.Əliyev ilk dəfə olaraq Azərbaycanda tibbi geologiya problemlərinin öyrənilməsi istiqamətində tədqiqatlara başlamışdır. Onun Azərbaycan ərazisi üçün “Radonun həcmi aktivliyinin paylanma xəritəsi”nin tərtib edilməsi sahəsindəki xidmətləri xüsusi qeyd edilməlidir. Alim bu problemə dair Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə yerinə yetirilən Dövlət Tədbirlər Planının (2014-2018) rəhbəridir.

Professor Ç.Əliyev 170 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 1 dərsliyin müəllifidir. Çoxsaylı beynəlxalq konfrans, simpozium və konqreslərdə çıxış etmiş, beynəlxalq (CRDF, STSU, SNCF) və respublika (EİF, ARDNŞ-in Elm Fondu) elmi qrant layihələrinin rəhbəri və iştirakçısı olmuşdur.

Alimin elmi yaradıcılıq fəaliyyəti pedaqoji fəaliyyəti ilə üzvi surətdə bağlıdır. O, hazırda Azərbaycan  Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətini davam etdirir, gənc kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi ilə 2 fəlsəfə doktoru yetişdirilmişdir.

Ç.Əliyev Polşa Beynəlxalq Radon Mərkəzinin üzvüdür.

Alimin xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək  qiymətləndirilmişdir.  O, “Tərəqqi” medalı, AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Görkəmli geofizik alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: