Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.08.2017 16:22
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Avqustun 30-da AMEA Yüksək Texnologiyalar Parkı (YTP) ilə "EPC Group” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

İmzalanma mərasimində öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib. Bildirib ki, bugünkü görüşün keçirilməsində əsas məqsəd elm və biznesin vəhdətinin təşkili və əməkdaşlıq perspektivlərinin inkişafı ilə bağlı müzakirələrin aparılmasıdır. "Elm və istehsalatın inteqrasiyasını təmin etmək Azərbaycan elmi üçün əhəmiyyətli yenilikdir" - deyə bildirən A.Əlizadənin sözlərinə görə,  bu istiqamətdə əldə olunan nəticələr AMEA-nın elmi-ictimai həyatında mühüm nailiyyətlərin əldə olunmasına rəvac verəcək.

Sonra çıxış edən Reza Vaziri bu gün təmsil etdiyi qurum ilə AMEA arasında əməkdaşlığın təməlinin qoyulduğunu qeyd edib. O, bu əlaqələrin bütövlükdə Azərbaycan elminin yüksəlişində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra "EPC Group"un direktoru Məhəmməd Miyabi rəhbərlik etdiyi şirkətin elmi tədqiqat və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, əsasən mühəndislik üzrə ixtisaslaşan "EPC Group" böyük biznes komandasına və investisiya sahəsində beynəlxalq təcrübəyə malikdir. Müxtəlif ixtiraların, elmi tədqiqatların nəticələrinin tətbiqini həyata keçirən "EPC Group" texnologiyaların inkişafının uğurlu nəticələrini mövcud beynəlxalq şəbəkə imkanlarından istifadə etməklə kommersiyalaşdırmağı qarşıya məqsəd qoyub.

Tədbirdə çıxış edən AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev cari ilin fevral ayında iki qurum arasında imzalanmış əməkdaşlıq sazişini xatırladaraq bildirib ki, 6 ay ərzində mütəmadi görüşlər keçirilmiş, birgə layihələrin təşkili ilə bağlı geniş müzakirələr aparılmışdır. Azərbaycanda elm potensialından istifadə etməklə innovativ layihələrin istehsalata ötürülməsinin vacibliyini vurğulayan YTP-nın direktoru qeyd edib ki, bu gün imzalanacaq müqavilə ölkədə elmlə biznesin inteqrasiyasına dair imzalanan ilk sənəd olacaq. Elmi-tədqiqat işlərinin aparılmasında sahibkarlığın xüsusi rolunu qeyd edən V.Babayev müqavilədə biotexnologiya mərkəzinin yaradılması, elmi-tədqiqat işlərinə dəstəyin göstərilməsi kimi bir çox məsələlərin öz əksini tapdığını bildirib. Qeyd edib ki, elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsullar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub.

Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ölkə Prezidentinin sərncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyətini yüksək qiymətləndirib. Bir il ərzində ölkədə böyük nüfuz qazanmış və bir çox nailiyyətlərə imza atmış YTP-nin biznes təfəkkürü və innovativ düşüncənin inkişafına təkan verdiyini, müvafiq sahələrdə əməkdaşlıq imkanlarını genişləndirdiyini vurğulayıb. Fundamental tədqiqatların aparılmasının AMEA-nın prioritetlərindən olduğunu söyləyən alim artıq bu elmi qurumda elm və kommersiyanın inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması ilə bağlı kompleks tədbirlərin görüldüyünü qeyd edib.

Sonda iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi YTP-nın direktoru V.Babayev və "EPC Group” MMC-nin rəhbəri M.Miyabi imzalayıblar.

Müqavilədə innovativ layihələrin həyata keçirilməsi üçün laboratoriyaların müasir texniki avadanlıqlarla təchiz olunması, pilot qurğuların yaradılması məqsədilə lazım olan ərazinin təşkili və işçi qrupunun formalaşması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: