Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklərə dair monoqrafiya çapdan çıxıb
07.09.2017 14:18
  • A-
  • A
  • A+

Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklərə dair monoqrafiya çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi Həmidə Seyidovanın “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklər” adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiya Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklərin taksonomik spektri, botaniki-coğrafi xüsusiyyətləri, nadir növlərin mühafizəsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunub.

2007-2015-ci illərdə Şahbuz rayonun Mərəlik, Sələsüz, Badamlı, Daylaqlı, Külüs, Keçilli, Qarababa, Mahmudoba, Nursu, Kükü, Kolanı və digər yerlərinə təşkil edilən ekspedisiyalar zamanı papaqlı göbələklərin növ tərkibi və yayılma zonaları dəqiqləşdirilib, onların mövsümi dinamikasının illər üzrə dəyişilməsi müəyyənləşdirilib.

Qeyd edək ki, tədqiqat dövründə toplanılan materiallar əsasında Şahbuz rayonunda 2 sinif, 7 sıra, 25 fəsilə, 57 cinsə aid olan 93 növ papaqlı göbələk müəyyən edilib ki, onlardan da 16 fəsilə, 45 cins və 84 növ Naxçıvan mikobiotası üçün ilk dəfə olaraq verilir. Toplanılan göbələklərdən 4 cins, 18 növ isə Azərbaycan mikobiotası üçün ilk dəfə aşkar edilib.

Aparılan tədqiqatlar zamanı müəyyən olunub ki, ərazidə papaqlı göbələklərin 42 yeməli, 30 yeməli olmayan və 6 zəhərli növü vardır.

Yeni nəşr göbələklərə dair məlumatların öyrənilməsində, bioloji müxtəlifliyin qiymətləndirilməsində, ətraf mühitin mühafizəsinə dair proqramların hazırlanmasında, orta və ali məktəblərin tədris proqramlarının həyata keçirilməsində əsas mənbə kimi istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: