Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutu yanar şistlərin və təbii bitumların mümkün istifadə sahələrini öyrənir
08.09.2017 17:48
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu yanar şistlərin və təbii bitumların mümkün istifadə sahələrini öyrənir

AMEA Geologiya və Geofizika İnstitutunun alimləri enerji təminatına töhfə vermək məqsədilə yanar şistlərin və təbii bitumların mümkün istifadə sahələrini öyrənirlər. Bu, Prezident İlham Əliyevin ötən il dekabrın 6-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifədir.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, kompleks tədqiqatların nəticələri “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nə təklif edilir. Bunlardan biri yanar şistlərin kiçikhəcmli istilik elektrik stansiyalarında yandırılaraq xammal kimi, külündən isə kənd təsərrüfatında mineral halda istifadə olunmasıdır. Həmçinin yanar şistlər və təbii bitumlar neft-kimya məhsullarının hazırlanmasında, bir çox mikroelementlərin alınmasında, ixtiol və naşatır spirti kimi tibbi preparatların əldə edilməsində istifadə oluna bilər.

Bundan əlavə, institutda qeyri-ənənəvi enerji mənbələri kimi şist qazı və şist neftindən istifadə, alternativ enerji növlərindən biri olan geotermal enerji və onun Azərbaycanda tətbiqi sahəsində də geniş tədqiqatlar həyata keçirilir.

D.Hüseynov bildirib ki, BMT Baş Assambleyasının 33/148 saylı Qətnaməsində yanar şistlər xüsusi əhəmiyyət daşıyan alternativ enerji mənbələri sırasına daxil edilib. Bu mənada Azərbaycanda geniş intişar tapmış yanar şistlərin və təbii bitumların yanacaq-enerji və xammal resursları kimi öyrənilməsi və istifadə perspektivləri 1990-cı ildən indiyə qədər GGİ-nin tədqiqat hədəflərindəndir. İlk dəfə “Azərbaycanın yanar şist və təbii bitum resursları” xəritəsi 1:1000000 miqyasda tərtib olunub. İnstitutun palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə əsasən Şamaxı-Qobustan, Abşeron, Şirvan, İsmayıllı və Quba rayonlarında öyrənilmiş 120-yə yaxın yanar şist və təbii bitum çıxışlarının təsnifatı proqnoz resurslarına nəzərən yataq və təzahür kateqoriyasına uyğun qiymətləndirilib. Eyni zamanda, keyfiyyətli yanar şist və təbii bitum saxlayan perspektivli sahələr ayrılıb, 16 ölkənin yanar şistləri Azərbaycanın eyniadlı resursları ilə keyfiyyət parametrlərinə görə müqayisə olunub. Müvafiq ölkələrin təcrübəsi nəzərə alınmaqla bu tip enerji resurslarının istifadə sahələri elmi şəkildə əsaslandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: