www.science.az
11.09.2017 16:08

Ozonlaşdırma texnologiyasının tətbiqi pambıq sahələrində məhsuldarlığı artıracaq

Salyan rayonunda “Ozonlaşdırma texnologiyasının pambıq sortlarının toxumlarına təsiri nəticəsində səmərəliliyin artırılması” mövzusunda elmi-praktiki seminar keçirilib.    

Tədbir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Milli Aviasiya Akademiyası, Bitki Mühafizə və Texniki Bitkilərin Elmi Tədqiqat İnstitutu, Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya (TAİ), Genetik Ehtiyatlar institutlarının birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda Azərbaycanda pambıq sahəsinin müasir vəziyyəti və innovasiya texnologiyalarının səmərəsindən, pambığın məhsuldarlığının artırılması və ekoloji təmiz saxlanılmasında ozonlaşdırma texnologiyasının tətbiqinin yüksək nəticələrindən və əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, ölkədə 40 milyon tondan çox üzvi mənşəli gübrə ehtiyatı var və TAİ-nin alimlərinin fəaliyyəti nəticəsində Neftçala, Saatlı, Ucar rayonlarında ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirilir.

Tədbirdə TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, bu qurumun Üzvi gübrələr laboratoriyasının müdiri, professor Paşa Zamanov və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə məruzələrlə çıxış ediblər.

Sonda seminar iştirakçıları ozonlaşdırma texnologiyasının tətbiq edildiyi pambıq əkinlərinə baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.