Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.09.2017 13:28
  • A-
  • A
  • A+

Azərbaycan və Koreya alimləri informasiya texnologiyaları sahəsində birgə tədqiqatlar aparacaqlar

Azərbaycan və Koreya alimləri informasiya texnologiyaları sahəsində birgə tədqiqatlar aparacaqlar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAİST) Qlobal Kommersiyalaşdırma Mərkəzinin (The Global Commercialization Center - GCC) direktoru, professor Munki Çoy, GCC-nin baş meneceri, professor YanDuk Park, GCC-nin meneceri Hyuncanq Kvon, eləcə də, Elektronika və Telekommunikasiya Elmi-tədqiqat İnstitutunun Tədqiqat və İnkişaf Kommersiyalaşdırma Mərkəzinin icraçı direktoru, dr. CeonHeunq Park ilə görüş keçirilib. Əsas məqsəd texnologiyanın kommersiyalaşdırılması və əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparmaq idi.

Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Direktor müavini institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan, görülən işlərdən danışıb.

Alim qonaqlara institutun “AzScienceNet” kompüter şəbəkəsi barədə də məlumat verib. O, şəbəkənin AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyədə internet xidməti göstərdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib.

Görüşdə KAİST-in Qlobal Kommersiyalaşdırma Mərkəzinin direktoru, prof. Munki Çoy bildirib ki, Azərbaycana səfər etməkdə əsas məqsəd informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri qurmaq, kadr və təcrübə mübadiləsi aparmaqdır. M.Çoyun sözlərinə görə, onun təmsil etdiyi elmi qurum təkcə İKT sahəsində deyil, həm də digər sahələrdə araşdırmalar apararaq texnologiyanın kommersiyalaşdırılması istiqamətində layihələr həyata keçirir.

Sonra qonaqlar Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu və Elektronika və Telekommunikasiya Elmi-tədqiqat İnstitutunun fəaliyyətinə dair təqdimatla çıxış ediblər.

Görüşdə, həmçinin Milli Elm və Texnologiya İnformasiya xidmətinin yaradılması, Əşyaların İnterneti, Big Data, Kibertəhlükəsizlik texnologiyaları və s. istiqamətlərdə birgə tədqiqatların aparılması məsələsi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: