www.science.az
13.09.2017 13:49

Cavid irsinin layiqli davamçısı Turan Cavidin xatirəsi anılıb

Sentyabrın 12-də böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 13 il ötür. Bununla əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində mərasim keçirilib, Turan Cavidin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə bu müəssisənin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Hüseyn Cavidin sevimli qızının kəşməkəşli və şərəfli həyat yolundan söhbət açıb. O, bütün ömrünü Hüseyn Cavid irsinin tədqiq və təbliğinə sərf etmiş, şairi külliyyatının orijinal variantına qaytarılması üçün çoxşaxəli işlər görmüş Turan Cavidi layiqli varis və davamçı kimi xarakterizə edib. Muzeyin direktoru vurğulayıb ki, böyük Cavidin ölməz əsərləri məhz Turan Cavidin sayəsində son mükəmməl nəşrə hazırlanıb. Onun ömür yolu nəsillər üçün layiqli örnəkdir.

Sonra muzeyin şöbə müdiri Cəmilə Rzayeva Hüseyn Cavidin nəşinin Naxçıvana gətirildiyi vaxt Turan xanımla tanışlığından bəhs edib.

Tədbirdə çıxış edən muzeyin Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva isə fil.ü.e.d. G.Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında ətraflı məlumat verib. Bildirib ki, nəşrdə Turan Cavidin şəxsiyyəti, onun ictimai fəaliyyəti haqqında materiallar sistemli və kompleks şəkildə toplanmışdır. Kitab Turan Cavidin xatirəsinin əbədiləşdirilməsinə mühüm töhfədir.

Sonda Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən şəkillərindən ibarət fotoslayd, həmçinin ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.