AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən “Neftqazçıxarma terminlərinin izahlı lüğəti” çap olunub.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə “Ərgünəş” nəşriyyatında çap olunan kitabın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, müəllifləri isə AMEA-nın müxbir üzvü Arif Quliyev və texnika üzrə fəlsəfə doktorları - Ramiq Əfəndiyev və Məmməd Haşım Hacıyevdir.
Vəsait AMEA-nın həqiqi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Midhət Abasovun xatirəsinə ithaf edilib.
Kitabda neft-qaz geologiyası və geofizikası, yataqların axtarışı, kəşfiyyatı və işlənməsi, quyuların qazılması və istismarı, neft və qazın nəqli və saxlanılmasına aid 11 minə yaxın termin toplanılıb. Nəşrdə, həmçinin neftqazçıxarmanın iqtisadiyyatı, iqtisadi-riyazi modelləşdirmə, o cümlədən elm və texnologiyanın bir sıra sahələri ilə bağlı ən çox istifadə edilən terminlər də izah olunur. Azərbaycan, ingilis və rus dillərində yazılmış terminlərin izahı doğma dilimizdə verilir.
Kitab neft-qaz sənayesi mütəxəssisləri, elmi işçilər, müəllim, tələbə və texniki ədəbiyyat tərcüməçiləri üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.