Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın Xarici üzvü Koişiro Matsuuranın 80 yaşı tamam olur
28.09.2017 10:50
  • A-
  • A
  • A+

AMEA-nın Xarici üzvü Koişiro Matsuuranın 80 yaşı tamam olur

Sentyabrın 29-da AMEA-nın xarici üzvü, hüquq elmləri doktoru Koişiro Matsuuranın 80 yaşı tamam olur.

O, 29 sentyabr 1937-ci ildə Tokioda anadan olmuşdur. 1956-1959-cu illərdə Tokio Universiteti Hüquq Fakültəsində oxumuş, sonra isə təhsilini ABŞ-ın Pensilvaniya ştatının Heyverford kollecinin iqtisadiyyat fakültəsində davam etdirmişdir.

Alim 2006-cı ildə Filippinin Santo Tomas Universitetində hüquq elmləri doktoru, 2008-ci ildə isə Koreya Respublikası Kyung Hee Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

O, 1963-1968-ci illər ərzində Yaponiyanın Xarici İşlər Nazirliyinin mərkəzi idarəsində müxtəlif vəzifələri icra etmişdir. 1974-1975-ci illərdə Xarici İşlər Nazirliyinin Birinci Şimali Amerika şöbəsinin Siyasi İşlər üzrə müdiri, sonra  isə Xarici İşlər Nazirliyinin İnkişaf Əməkdaşlıq şöbəsinin müdiri olmuşdur. 1977-1980-ci illərdə Yaponiya Səfirliyinin Amerika Birləşmiş Ştatları üzrə məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

K.Matsuura 1992-1994-cü illərdə Yaponiyanın Xarici işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 1994-cü ildə Yaponiyanın Fransadakı səfiri təyin olunan ictimai xadim fəaliyyət göstərdiyi müddətdə Fransa-Yaponiya münasibətlərinin möhkəmlənməsində böyük rol oynamışdır.

O, 20 oktyabr 1999-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunmuşdur. Təşkilatın sayca doqquzuncu rəhbəri olan K.Matsuura Asiya ölkələrinin bu vəzifəyə təyin olunan ilk nümayəndəsi idi. 12 oktyabr 2005-ci ildə isə 4 il müddətinə YUNESKO-nun baş direktoru vəzifəsinə yenidən seçilmişdir.

Görkəmli ictimai-siyasi xadimin “21-ci əsrin çağırışlarına cavab vermək” (ingilis və fransız dilində), “Yeni YUNESKO-nun yaradılması” (ingilis və fransız dilində), “Keçid ili” (ingilis və fransız dilində), “Yaponiya və Fransa arasında əlaqələrin inkişafı və perspektivləri” (fransız dilində), “G-7 zirvəsi: tarixi və perspektivləri” (yapon dilində), “Yaponiya-Amerika əlaqələrinin tarixi” (Yapon dilində) kimi kitabları çap olunmuşdur.

K.Matsuura beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə 10 iyun 2008-ci il tarixində Rusiya Xalqlar Dostluğu Universitetinin Fəxri doktoru seçilmişdir.

Alim səmərəli fəaliyyətinə görə 23 aprel 2001-ci ildə Böyük Litva knyazı Qyadiminas ordeninin “Böyük xaç kavaleri” dərəcəsinə layiq görülmüşdür.

19 iyul 2006-cı ildə ona “Qütb ulduzu” ordeni, 2002-ci ildə isə “Sivilizasiyalar dialoqu” beynəlxalq mükafatı təqdim olunmuşdur.

2003-cü ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri doktorudur.

Rusiya İncəsənət Akademiyasının Xarici fəxri üzvüdür.

K.Matsuura 12 may 2008-ci ildə AMEA-nın Xarici üzvü seçilmişdir.

Görkəmli alim və ictimai-siyasi xadim K.Matsuuranı 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: