Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana Misir Milli Kitabxanası və Arxivləri ilə əməkdaşlıq edəcək
02.10.2017 15:18
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Misir Milli Kitabxanası və Arxivləri ilə əməkdaşlıq edəcək

Misir Ərəb Respublikasının Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Məhəmməd Şövqi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Alim Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə birgə kitabxananın müasir inzibati binasını gəzib, oxu zalları ilə tanış olub.

İkitərəfli görüşdə MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü çıxış edərək qonaqlara kitabxananın fəaliyyəti, Milli Rəqəmsal Yaddaş layihəsi, fondlarında saxlanılan sənədlər, ərəbdilli mənbələr və kitablar haqqında məlumat verib.

Görüşdə Əhməd Seyyid Məhəmməd Şövqi rəhbərlik etdiyi kitabxanada 500 mindən çox nadir kitabın qorunduğunu söyləyib. O, iki qurum arasında elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Sonra MEK ilə Misir Milli Kitabxanası və Arxivləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə əsasən, hər iki qurum resurslarının mübadiləsi, rəqəmsallaşdırılması və mənbələrin əlçatan olması, nadir kitabların bərpası və konservasiyası, eləcə də kadrların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq еdəcəklər.

Sonda qonaqlara Azərbaycan, ingilis və rus dillərində “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Qarabağ əsrlərin səlnaməsi” kitabları, Nobel mükafatı laureatı, Misir yazıçısı Nəsib Məhfuzun Azərbaycan dilinə tərcümə olunmuş əsərləri hədiyyə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: