Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

03.10.2017 13:00
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimatı olub

“Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimatı olub

Oktyabrın 3-də AMEA-nın Əsas binasında görkəmli sənətşünas alim, musiqi mənbəşünaslığının banisi, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi" kitabının II cildinin təqdimat mərasimi keçirilib.

Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan kitab akademik Z.Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib.

Tədbir çərçivəsində alimin bir sıra kitablarından ibarət sərgi də nümayiş olunub.

Mərasimi institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq ictimaiyyətə təqdim olunan yeni nəşrin çoxillik kollektiv araşdırmasının məhsulu olduğunu və Azərbaycan-rus dillərində oxuculara təqdim edildiyini söyləyib. O, kitabda XX əsrin əvvəllərindən fəaliyyətə başlamış bəstəkarlarımızın xronoloji ardıcıllıqla portretlərinin verildiyini, onların yaradıcılıqlarının tədqiq olunduğunu bildirib. Qeyd edib ki, musiqi tariximizdən bəhs etdiyimiz bu dövr dahi Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov və Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın adı ilə bağlıdır.

Ə.Salamzadə nəşrdə, həmçinin dövrün görkəmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Məmmədova, Q.Almaszadə, R.Behbudov və digərləri haqqında məlumatların yer aldığını, nadir fotoların, musiqi nümunələrinin ilk dəfə oxuculara təqdim olunduğunu söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Z.Səfərovanın Azərbaycanın musiqi tarixini, problemlərini uzun illər araşdırdığını, kitablarının Rusiya və Türkiyədə çap olunduğunu, onun ölkəmizin hüdudlarından kənarda da görkəmli tədqiqatçı kimi tanındığını diqqətə çatdırıb. Kitabın Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfə olduğunu deyən akademik İ.Həbibbəyli yeni nəşrin XX əsrin əvvəllərində yaranan bəstəkarlıq yaradıcılığının inkişafında əhəmiyyətini qeyd edib.

AMEA-nın vitse-prezidenti müasir Azərbaycan musiqişünaslığının əsasını Üzeyir Hacıbəylinin qoyduğunu və onun "Leyli və Məcnun", "Koroğlu" operalarına, "Arşın mal alan" operettasına, "Sənsiz", "Sevgili canan" roman qəzəllərinə kitabda xüsusi fəsillərin ayrıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bu gün müstəqil Azərbaycanda qadınların öz sözlərini sərbəst şəkildə deyə bildiklərini və təqdimatı keçirilən nəşrin bunu sübut etdiyini söyləyib. Z.Səfərovanın 30-dan artıq kitab, 200-ə yaxın məqalənin müəllifi olduğunu deyən H.Hüseynova nəşri Azərbaycanın musiqi tarixi və mədəniyyəti üçün dəyərli əsər kimi səciyyələndirib.

Təqimat mərasimində Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək Z.Səfərovanın rəhbərliyi ilə ölkəmizdə yeni musiqişünaslar ordusunun formalaşdığını söyləyib. Alim kitabda Azərbaycanın qadın bəstəkarları - Ağabacı Rzayeva, Şəfiqə Axundova və digərləri barədə məlumatların, həmçinin Ü.Hacıbəylinin onlara olan münasibətinin əksini tapmasını yüksək qiymətləndirib.

Tədbirdə kitabın rəyçisi Tariyel Məmmədov, nəşrin yaradıcı kollektivinin üzvü Şəhla Hüseynova və digərləri tədqiqat əsərinin ərsəyə gəlməsindən, onun elmi əhəmiyyətindən danışıblar.

Sonda Z.Səfərova çıxış edərək nəşrin III cildinin hazırlandığı barədə məlumat verib və tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: