www.science.az
04.10.2017 09:56

Görkəmli alim-numizmat, professor Əli Rəcəblinin 90 illik yubileyi qeyd olunub

Oktyabrın 3-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, görkəmli tarixçi-alim, numizmat, professor Əli Rəcəblinin 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı alimin bənzərsiz yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb.

“Ə.Rəcəbli yarıməsrlik ömrünü muzey işinə və Azərbaycan numizmatikasının öyrənilməsinə həsr edib” – deyən akademik N.Vəlixanlı onun muzeyin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı, respublikada diyarşünaslıq işinin təşkili sahəsində də aparıcı alimlərdən olduğunu bildirib. Qeyd edib ki, məhz onun səyləri nəticəsində muzeyin Numizmatika fondunda 150 mindən çox sikkə və digər maddi mədəniyyət abidəsi saxlanılır.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli professor Ə.Rəcəblinin tarix elmi və numizmatika sahəsindəki tədqiqatlarından, alimin əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, Ə.Rəcəbli AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş iclasında Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüb. İ.Həbibbəyli Azərbaycan numizmatika sahəsinin aparıcı simalarından biri olan Ə.Rəcəblinin elmi işlərinin əhəmiyyətindən danışıb, alimi 90 illik yubileyi münasibətilə təbrik edib.

Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova çıxış edərək görkəmli alimin arxeologiya və numizmatika sahəsində gördüyü işlərdən bəhs edib.

Tədbirdə yubilyar alimi yaxından tanıyan dostları, həmkarları onunla bağlı xatirələrini bölüşüblər.

Sonda Ə.Rəcəbliyə xatirə hədiyyələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.