Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-da çinli alimlərin iştirakı ilə “dəyirmi masa” keçirilib
06.10.2017 14:17
  • A-
  • A
  • A+

AMEA-da çinli alimlərin iştirakı ilə “dəyirmi masa” keçirilib

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun alimləri - Van Hiaoju, Hou Aijun və Cu Cianli AMEA-nın Elm Tarixi İnstitutunda (ETİ) olublar.

Üç gün davam edən səfər çərçivəsində çinli alimlər əvvəlcə ETİ-nin direktoru, t.ü.e.d. Məryəm Seyidbəyli ilə görüşüb, müəssisənin şöbələrində aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

Daha sonra ETİ-nin təşkilatçılığı ilə “Böyük İpək Yolunda Azərbaycan-Çin əlaqələri: tarix və müasirlik” mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbiri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq ikitərəfli münasibətlərdə tarix və müasirliyin vəhdətinə toxunub, elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

İclasda Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin “Türk-İslam sənətlərində Çin motivləri”, Fəlsəfə İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, f.ü.e.d. Füzuli Qurbanovun “Yeni İpək Yolu layihəsində Azərbaycan-Çin əməkdaşlığının geosiyasi aspektləri”, Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Nərgiz Axundovanın “Orta əsr Azərbaycan-Çin əlaqələri tarixindən”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, fi.ü.e.d., prof. Bədirxan Əhmədovun “Azərbaycan ədəbiyyatında Çin motivləri” və digər mövzularda məruzələr dinlənilib.

Tədbirdən sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Çin nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Çin elmi əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra çinli alimlər Şərqşünaslıq İnstitutu, Mərkəzi Elmi Kitabxana, Milli Azərbaycan Tarixi Muzeyi, Bakı Dövlət Universitetinin Konfutsi İnstitutu və Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun elmi-pedaqoji heyəti ilə görüşüb, müzakirələr aparıblar.

Oktyabrın 5-də çinli alimlərin Azərbaycana səfəri başa çatıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: